11 Noyabr 12:23
2 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran rejiminə yaxınlığı ilə tanınan “ekspert” Ehsan Movahidiyan Ermənistanın rəsmi agentliyi “Armenpress”ə açıqlamasında Azərbaycana qarşı təxribatçı fikirlər səsləndirib.

Teleqraf.com xəbər verir ki, o, erməni jurnalistin təxribatçı sualına cavabında Qarabağ erməniləri ilə bağlı Tehranın rəsmi mövqeyindən danışıb.

Movahidiyan bu bitmiş separatçı mövzu ilə əlaqədar İranın dini lideri Əli Xameneyinin mövqeyini də xatırladıb.

Sitat: “İranın Dağlıq Qarabağla (?) bağlı rəsmi mövqeyini artıq İslam İnqilabının Ali Rəhbəri Seyid Əli Xameneyi təqdim edib. Seyid Əli Xameneyi bildirib ki, Dağlıq Qarabağ sakinlərinin öz evlərinə qayıtmaq hüququ var və onların hüquqlarına hörmət edilməlidir.

Bizim bunu həyata keçirmək üçün alətlərimiz yoxdur, mən hesab edirəm ki, bu insanları müdafiə etmək, məsələn, beynəlxalq məhkəmələrə müraciət etmək, şikayətlər vermək, beynəlxalq hüquq və qaydalardan istifadə etmək, Azərbaycan hökumətini Dağlıq Qarabağın erməni əhalisinin hüquqlarına hörmət etməyə məcbur etmək Ermənistan hökumətinin vəzifəsidir. Bu, İranın mövqeyidir”.

Kiçik bir şərh başdan-ayağa təxribatçı məqamlarla doludur – Azərbaycan bölgəsinin adının dəyişdirilməsindən separatizmə açıq dəstəyədək. Digər yandan, bir İran “ekspert”inin, elə molla rejiminin özünün ölkəmizə qarşı kinli mövqeyi təəccüb doğurmur. Qarabağ işğal olunandan azad edilənədək həmişə Ermənistanın yanında, arxasında dayanan Tehranın başqa cür düşünməsi, hərəkət eləməsi təəccüblü olardı. Bu belədir və Tehran Azərbaycana düşmən olanların havadarı rolunu can-başla yerinə yetirir. Mollalar bundan olduqca məmnundurlar. Buna görə həmişə Azərbaycan əleyhinə danışılan bir tribuna görəndə qaça-qaça gedirlər.

Düşünmək olar ki, "Armenpress"in "ölü"nü bir İran mollası ilə diriltmək cəhdi Tehran-Bakı münasibətlərini daha da korlamaq cəhdidir. İstisna deyil. Belədirsə, bəs bir iranlı niyə öz ölkəsinin maraqlarına zidd gedərək həvəslə erməni tribunasına - Azərbaycana qarşı separatizmin dəstəkləndiyi yerə qaçır? Demək, belə lazım bilirlər.

“Hansısa bir toplumun hüquqlar”ına gəlincə, molla rejimi 35-40 milyon Güney Azərbaycan türkünün pozduğu haqlarını tanısa, daha yaxşı iş görmüş olardı, nəinki bir başqa ölkəyə qarşı separatizmi dəstəkləməklə.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər