Dövlət Dumasının deputatı, Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev Aktauda Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasında "Ukraynanın əli" olduğuna dair sərsəm açıqlama ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, depytata görə, fövqəladə vəziyyəti Ukrayna pilotsuz təyyarələri yaradıb və onlar olmasaydı Bakı - Qroznı reysi sakit şəkildə hava limanına enəcəkdi.
Juravlev hesab edir ki, təyyarə qəzası “Kiyev rejiminin hərbi cinayətlərinin nəhəng siyahısına” daxil edilməli, Ukrayna prezidenti Vladimir Zelenskiyə və onun komandasına, həmçinin Kiyevi silahla təchiz edən ölkələrə müvafiq suallar verilməlidir.
Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan “Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə , laynerin göyərtəsində 69 nəfər, o cümlədən beş ekipaj üzvü olub. 29 nəfər sağ qalıb.
Dekabrın 28-də Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək sərnişin təyyarəsi ilə bağlı insidentlə bağlı üzr istəyib.
Azərbaycan Prezidenti İlham Əliyev Moskvanı AZAL təyyarəsinin qəzaya uğramasına görə məsuliyyət daşıyanları cəzalandırmağa və kompensasiya ödəməyə çağırıb.