29 Dekabr 2024 14:06
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış təyyarədə həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva dəfn olunublar.

Teleqraf.com xəbər verir ki, onlar İkinci Fəxri xiyabanda torpağa tapşırılıblar.

Dəfn mərasimində Baş nazir Əli Əsədov, baş nazirin müavini Şahin Mustafayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, səhiyyə naziri Teymur Musayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Dövlət Gömrük Komitəsi sədri Şahin Bağırov, mərhumların ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

13:21

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış təyyarədə həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın cənazələri İkinci Fəxri xiyabana gətirilib.

Teleqraf.com xəbər verir ki, dəfn mərasimdə onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.

Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Dekabrın 28-də gecə saatlarında 3 ekipaj üzvünün və 21 sərnişinin cənazələri Bakıya gətirilib.
Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır.

***

12:16

Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatıb.

Teleqraf.com xəbər verir ki, AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.

***

11:08

Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi başlayıb.

Teleqraf.com xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra faciə qurbanlarının xatirəsi anılıb.

***

10:20

Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, vida mərasimində onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Tabutların önünə Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti adından əklil qoyulub.

Həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.


Müəllif: Foto: Elnur Muxtar, Nərmin Muradova

Oxşar xəbərlər