Qazaxıstan qəzaya uğramış AZAL təyyarəsinin qara qutularını Braziliyaya Təyyarə Qəzalarının Araşdırılması Mərkəzinə göndərmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Qazaxıstan Respublikasının Nəqliyyat naziri Marat Karabayevin rəhbərlik etdiyi qəza təhqiqat komissiyası uçuş qeydlərini (qara qutuları) Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərmək qərarına gəlib”, - məlumatda deyilir.
"CENIPA mərkəzi lazımi texniki imkanlara malikdir, müvafiq avadanlıq və onların oxunması üçün sertifikatlaşdırılmış laboratoriya ilə təchiz olunub", - şöbədən bildirilib.
13-cü Çikaqo Konvensiyasının əlavəsinin standartlarına uyğun olaraq, təhqiqat aparan dövlət uçuş registratorunun qeydlərinin oxunmasını təmin edir, qara qutuların oxunması və deşifrə edilməsi üçün ölkənin seçilməsi barədə qərar qəbul edir. Məlumatda qeyd olunur ki, materialların Braziliyaya göndərilməsi ilə bağlı qərar Azərbaycan və Rusiyanın aviasiya qurumlarının rəyləri nəzərə alınmaqla qəbul edilib.
Nəqliyyat Nazirliyinin mətbuat xidməti əlavə edib ki, bu məsələ Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin şəxsi nəzarətindədir.