“Gürcüstan üçün regional əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən “Səfirlər konfransı 2024” adlı tədbirdə çıxışında deyib.
Onun sözlərinə görə, Gürcüstan Azərbaycan, Ermənistan və Türkiyə ilə münasibətləri inkişaf etdirir.
“Bizi qonşu ölkələrlə çox mühüm strateji layihələr bağlayır, bu isə sülhün möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə fəal iş gələcəkdə də davam etdiriləcək”, - İ.Kobaxidze söyləyib.
Hökumət başçısı bildirib ki, Gürcüstanın məqsədi regionda sülh və sabitliyi təşviq etməkdir. Qeyd edib ki, bunun üçün ötən illərdə çox işlər görülüb və gələcəkdə də çox işlər görüləcək.
Baş nazir Orta dəhlizin regional inteqrasiya baxımından əhəmiyyətinə də toxunub. Bildirib ki, qonşu ölkələrlə strateji layihələrin reallaşdırılması Cənubi Qafqazda sülhə töhfə verir.
“Orta dəhlizin rolunun artması Asiya regionu ilə əməkdaşlığa müsbət təsir göstərir. Bildiyiniz kimi, Gürcüstan Çin ilə də tərəfdaşlığı gücləndirir və birbaşa reyslərin tezliyini artırılır. Çinlə digər istiqamətlərdə tərəfdaşlığın daha da gücləndirilməsi də vacibdir”, - İ.Kobaxidze deyib.