Təcavüzkar tərəf belə bir gündə azərbaycanlı girovları “məhkəmə” önünə çıxarmaqla qeyri-konstruktivliyini bəribaşdan ortaya qoydu
Dünən Azərbaycanda gözlər Parisə dikilmişdi. Avropanın mədəniyyət paytaxtı Azərbaycan və Ermənistan prezidentlərinin 2014-cü il ərzində üçüncü görüşünə ev sahibliyi edirdi. Yada salmaq yerinə düşər ki, ilin ilk görüşü Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə avqustun 9-da Soçidə, ikinci görüşü ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə sentyabrın 4-də NATO sammiti çərçivəsində Uelsdə keçirilib.
Fransa prezidenti F.Olland isə bu ilin may ayında Cənubi Qafqaza səfəri zamanı Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etmək təklifi ilə çıxış etmişdi. Hətta, o zaman belə məlumatlar da yayıldı ki, F.Ollandın özünün münaqişə tərəflərinə yeni təklifləri var. Daha sonra Fransa prezidentinin təşəbbüsünə reaksiya verildi və beləliklə, Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün keçirilməsi barədə razılıq əldə edildi.
Uorlikin tviti
Görüşdən öncə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceynms Uorlik Tvitter mikrobloqunda prezidentlərin Paris görüşünün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində tərəflərin mövqeyini yaxınlaşdıracağına ümidini ifadə edib. C.Uorlik danışıqlarda iştirak etmək üçün artıq Parisdə olduğunu da vurğulayıb. “Artıq Parisdəyəm. Prezident Olland prezident Əliyev və prezident Sarkisyanla görüşlər keçirəcək. Ümid edirəm ki, onlar bizi sülhə yaxınlaşdıracaqlar”, - deyə diplomat yazıb.
İlham Əliyevin Ollandla görüşü
Dünən Parisdə, Yelisey sarayında Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Ollandın görüşü olub. Rəsmi dövlət informasiya agentliyi “AzərTAc”ın yaydığı məlumata görə, sarayın qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib. Fransa prezidenti F.Olland Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.
Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. “Cənub” dəhlizi enerji layihəsinin reallaşması ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparılıb. Münaqişə ilə bağlı “status-kvo”nun dəyişilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulanıb.
Azərbaycan prezidenti ilə görüşdən sonra F.Olland Ermənistan prezidenti Serj Sarkisyanla görüşü olub.
Üçtərəfli görüş
Günün sonuna yaxın Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşü başlayıb. Görüşdə hər üç həmsədr - İqor Popov, Pyer Andriye və Ceyms Uorlik, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib. Daha sonra Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü olub.
Bundan sonra hər üç prezidentin birgə görüşü keçirilib. Paris proqramının son bəndində üç prezidentin nahar masası arxasında Qafqaz bölgəsinin problemlərini müzakirə etməsi dayanıb.
Ermənistan öz ampluasındadır
Qeyd edək ki, dünən həm də işğalçı Dağlıq Qarabağ rejimi Kəlbəcərdə ermənilərin əlinə keçmiş azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovu mühakimə etməyə başlayıb. Qondarma rejimin qurduğu proses hakim Anatoliya Tadevosyananın sədrliyi ilə Xankəndinin birinci instansiya “məhkəməsi”ndə keçirilib. “Proses”dən yayılan video və fotolar baxdıqda azərbaycanlı girovların məhkəmənin keçirildiyi zala gözübağlı gətirildiklərini görmək olur. Fotolardan girovlarımızın həddindən çox arıqladıqları da diqqətdən yayınmır.
Qeyd edək ki, “məhkəmə”də həmyerlilərimizin hüquqlarını erməni vəkil Arkadi İsraelyan “müdafiə” edib. Azərbaycanlı girovlar qondarma Dağlıq Qarabağ Respublikasının “qanun”larına görə ittiham olunublar. D.Əsgərov və Ş.Quliyevə 17 yaşlı ermənini öldürmək ittihamı irəli sürülüb.
D.Əsgərov oyuncaq rejimin düzəltdiyi “məhkəmə”də əsl mərdlik göstərib. Anspress-in məlumatına görə, D.Əsgərov “məhkəmə”də Dağlıq Qarabağ adında bir dövləti tanımadığını bildirib və özünü bu oyuncaq rejimin “sərhədi”ni pozmaqda günahkar saymayıb. O, bir neçə dəfə Kəlbəcərə getdiyini və bunu yalnız doğmalarının məzarına baş çəkmək üçün etdiyini deyib. D.Əsgərov həmçinin Kəlbəcərə yerləşdirilmiş erməni Smbat Sakanyanın ölümündən xəbərsiz olduğunu bildirib. Bununla belə, D.Əsgərov Kəlbəcərə səfər zamanı üzərində ov tüfənginin olduğunu, ac qalmamaq üçün meşədən sahibsiz mal-qara tutaraq kəsdiklərini bildirib.
Parisdən gözləntilər
“Prezidentlərin Paris görüşündən gözləntilər az olsa da, ”heç bir nəticə olmayacaq" söyləmək də düzgün olmazdı. Hər şey Ermənistan prezidenti Serj Sərkisyanın sərgiləyəcəyi mövqedən asılıdır. Çünki danışıqları və Madrid prinsipləri üzrə razılaşmanı pozan tərəf Ermənistandır. Onlar hər dəfə danışıqlardan, yekun razılaşmadan yayınırlar. Açığı, ermənipərəst mövqeyi ilə tanınan Fransua Olanddın ölkəsində Sərkisyanın təzyiqlə üzləşərək mövqeyindən geri çəkiləcəyinə inam azdır. Rusiya kimi bir ölkənin prezidenti bu vaxta qədər Ermənistanı sülhə razı sala bilməyibsə, Ollandın bunu bacaracağına məndə ciddi şübhələr var". Bunu görüşü şərh edən politoloq Qabil Hüseynli deyib.
Politoloq hesab edir ki, indiki məqamda Sərkisyanın mövqeyindən geri çəkilməyəcəyini söyləmək üçün bir neçə əsas var. “Birincisi, Dağlıq Qarabağ məsələsi Ermənistanın xarici siyasətində prioritetdir. Burada güzəştə getmək hakimiyyətdən getmək deməkdir. Sərkisyan məhz Dağlıq Qarabağ faktorundan yararlanıb hakimiyyətə gəlib. Ermənistanın mövqeyi belədir ki, Dağlıq Qarabağ icmasının öz müqəddəratını təyin etmək hüququ tanınmalıdır. Bu, Dağlıq Qarabağın müstəqilliyinin tanınması deməkdir. Sərkisyan heç vaxt bu mövqeyindən imtina etməyəcək. İkincisi, hazırda İrəvanda kütləvi etiraz aksiyaları keçirilir.
Nümayişçilər hesab edir ki, Sərkisyan hakimiyyəti idarə edə bilmir, ölkədə siyasi və sosial problemlar artmaqdadır. Əhali ölkəni sürətlə tərk edir. Bütün bunların məsuliyyəti Sərkisyan hakimiyyətinin üzərinə atılır. Belə məqamda Sərkisyanın Dağlıq Qarabağ məsələsində geri addım atacağı inanılmazdır. Əksinə o, çalışacaq ki, Parisdə daha qətiyyətli mövqe ortaya qoyub narazı kütlənin gözündə özünü qəhrəman kimi göstərsin. Üçüncüsü, bəzi dövlətlər regionda gərginliyin aradan qalxmasında maraqlı deyil. Kənar qüvvələr hesab edir ki, MDB regionunda münaqişələrin sayı nə qədər çox olarsa, bura daxil olan ölkələri idarə etmək o qədər asan olar. Dördüncüsü, Parisdə razılığın əldə olunması üçün həm də Azərbaycanın güzəştli sülhə razı olması vacibdir. Bu, baş verməyəcək. Cənab prezident İlham Əliyev hər zaman və hər yerdə qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissədir və onun statusu yalnız ölkənin ərazi bütövlüyü daxilində müəyyən edilə bilər”.
Q.Hüseynli hesab edir ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini gücləndirən əsas faktorlardan biri beynəlxalq birliyin - BMT və digər təşkilatların qərarlarıdır: “Bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi keçir. ATƏT-in Minsk Qrupu dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ işğal olunub. Hərbi qüvvələr ərazidən çəkilməli, qaçqınlar yurd-yuvalarına qayıtmalı, bölgədə tikinti-infrastruktur işləri aparılmalı, sülhməramlı qüvvələr münaqişənin alovlanmaması üçün bölgəni nəzarətdə saxlamalı və bundan sonra status məsələsinə baxılmalıdır. Amma Ermənistan cığallıq edir. Onlar status məsələsini önə salırlar və hüquqi baza əldə etmək istəyirlər. Hamı bilir ki, Ermənistan Dağlıq Qarabağda status əldə edəndən sonra ərazini tam nəzarətdə saxlayacaq və digər addımların atılmasına imkan verməyəcək”.
Səxavət HƏMİD