30 Dekabr 2014 14:00
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Hacıyev: "ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq təşkilatlarla təmaslar davam etdiriləcək"

Akif Nağı: "Dilqəm Əsgərov və Şahbaz Quliyevi mühakimə etməyə onların haqqı yox idi"

İşğal altındakı Dağlıq Qarabağda - Xankəndi şəhərində Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş qanunsuz, qondarma "məhkəmə" şousu dünən başa çatıb. Ermənistan KİV-lərinin yaydığı məlumata görə, separatçı rejimin "birinci instansiya məhkəməsi" dekabrın 19-da keçirilən prosesdə "prokuror" Karen Qabrielyanın tələb etdiyi cəzaları təmin edib. D.Əsgərov ömürlük həbs, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər ərazisində öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti oktyabr ayında düşməndən alınaraq Bakıda dəfn edilib. Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qondarma "məhkəmə" prosesi oktyabrın 27-də başlayıb. İşğalçı rejimin ittihamına görə, D.Əsgərov Kəlbəcərdə erməni Smbat Sakanyanı öldürüb. Mərhum Həsən Həsənovun isə Yerevan sakini Sərkis Abramyanı odlu silahla qətlə yetirdiyi, Kotayk vilayətinin sakini Karine Davtyanı yaraladığı iddia olunur. Separatçı rejim hər üç şəxsin Azərbaycanın işğal altında olan bölgəsinə diversiya məqsədi ilə keçdiyini bəyan edir. Sonuncu "məhkəmə" hələ dekabrın 12-i keçirilməli idi. Lakin həmin vaxt "proses" təxirə salınmışdı. Buna səbəb isə girov Ş.Quliyevin səhhətində yaranan problemlər, həmçinin "zərərçəkən" Vreja Balayanın məhkəməyə gəlməməsi olmuşdu.

XİN açıqlama yaydı

Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində təşkil olunan bu qurama məhkəmə işinin heç bir hüquqi əsası yoxdur və onun iddia olunan nəticəsi hər hansı hüquqi mahiyyət kəsb edə bilməz: "Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan Respublikasının ərazisində ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, Həsən Həsənov isə qəddarcasına öldürülüb. Ermənistan Avropa insan hüquqları konvensiyası, beynəlxalq humanitar hüquq, BMT-nin işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı konvensiyası və Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt üzrə öhdəliklərini kobud şəkildə pozaraq, mülki şəxslərin girov götürülməsinə, işgəncələr əsasında onlardan ifadələrin alınmasına və saxta məhkəmə qarşısına çıxarılmasına görə məsuliyyət daşıyır.

İnsan hüquqlarının ümumbəşəri dəyər olduğunu xatırladaraq, bir sıra beynəlxalq təsisatların və dairələrin insan hüquqları məsələsinə seçimli yanaşmayaraq, insan hüquqlarını kobud, sistematik və kütləvi şəkildə pozan Ermənistan Respublikasından Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azad edilməsini və itkin düşmüş dörd mindən artıq azərbaycanlının taleyi barəsində izahat verilməsini tələb etməlidirlər.

Eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən ümdə hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının müdafiəsinə də lazımi diqqət ayrılmalıdır.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar ilə təmaslar davam etdiriləcək".

Ermənistan səfirliyi önündə aksiya keçiriləcək

Qeyd edək ki, bu gün Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmaları tələbi ilə aksiya keçiriləcək. Bu barədə Bavariyadakı (Almaniya) Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov məlumat verib.

Almaniya vətəndaşı olan A.Məmmədov bildirib ki, aksiya ilə bağlı Gürcüstana gəlib, artıq Tiflis şəhər meriyasına yazılı şəkildə məlumat təqdim ediblər və onlara bir saat ərzində aksiya keçirməyə icazə verilib: "Sabah (bu gün-S.Həmid) əllərimizdə Azərbaycan bayraqlarını və girov götürülən azərbaycanlıların şəkillərini tutaraq, onların azad olunması tələbini səsləndirəcək və bu barədə bəyanatımızı Ermənistan səfirliyinə təqdim edəcəyik. Aksiyaya Tiflisdə yaşayan azərbaycanlı gənclər də qoşulacaqlar".

"Atam bizə göndərdiyi məktubları təzyiq altında yazır"

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə açıqlamasında atası ilə Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin köməyi ilə məktub vasitəsilə əlaqə saxladıqlarını söyləyib: "Atamdan axırıncı məktubu bir ay bundan əvvəl almışıq. Yazıb ki, "yaxşıyıq, bizə yaxşı baxırlar". Bilirik ki, onlar orada işgəncə və təzyiqlərə məruz qalırlar və bizə ünvanlanan məktublar təzyiq nəticəsində yazılır. Məktubdakı xətt atamındır, lakin o, məktubu təzyiq altında yazıb. Şəkillərdən görünür ki, onlar nə vəziyyətdədir. Atam çəkisinin yetmiş faizini itirib, otuz faizi qala-qalmaya..."

"Ermənilərin bu fürsətdən yararlanacaqları gözlənilən idi"

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, ermənilərin əllərinə düşmüş bu fürsətdən yetərincə yararlanacaqları gözlənilən idi. O qeyd edib ki, separatçı-terrorçu rejimdən hər hansı ədalət gözləmək düzgün deyildi: "Dilqəm Əsgərov və Şahbaz Quliyevi heç mühakimə etməyə də onların haqqı yox idi. Hansı cinayətə görə onlara belə ağır cəzalar verilib? Kim sübut edib onların dırnaqarası cinayətini? Həm Dilqəm Əsgərov, həm də Şahbaz Quliyev beynəlxalq təşkilatların Azərbaycan ərazisi kimi tanıdığı Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı birləşmələri tərəfindən qeyri-qanuni tutularaq girov götürülüblər. Onlar işğal olunan Kəlbəcər rayonuna öz yaxınlarının qəbirlərini ziyarət etmək üçün gediblər. Ermənistan silahlı birləşmələri onların qarşısını kəsib, Həsən Həsənovu qəddarlıqla öldürüb, Dilqəm Əsgərov və Şahbaz Quliyevi isə tutub saxlayıblar. Onların üzərində Xankəndi şəhərində "oyuncaq məhkəmə" prosesi qurub, dəhşətli işgəncələr verib, heç bir əsas olmadan ağır ittihamlar irəli sürüblər. Onları guya diversiya törətməkdə, erməni uşağını öldürməkdə ittiham edirlər. Bu oyuncaq "məhkəmə prosesi" haqqında erməni mətbuatında gedən məlumata görə, bu ittihamlar heç bir konkret fakta söykənməyib. Uşağın erməni xüsusi xidmət orqanları tərəfindən öldürülməsi ilə bağlı da şübhələr mövcuddur. Azərbaycanlı girovlardan təzyiq və işgəncələr altında ifadələrinin alınması heç kimdə şübhə doğurmamalıdır. Ermənistan hakimiyyətinin məqsədi bu girovlara yalnız azərbaycanlı olduqlarına görə divan tutmaq, onlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Digər azərbaycanlı Həsən Həsənovun öldürülməsi ilə bağlı heç bir araşdırılma aparılmayıb, onun hansı şəraitdə, necə öldürüldüyü müəyyənləşdirilməyib, günahkarlar cəzalandırılmayıb. Mən hesab edirəm ki, beynəlxalq təşkilatlar bu məsələyə də diqqət yetirməli, beynəlxalq səviyyədə hüquqi təhqiqat işinin aparılmasını təmin etməlidir".

"Məsuliyyəti separatçı rejim deyil, Ermənistan hakimiyyəti daşıyır"

A.Nağı qeyd edib ki, bütün bu hadisələrə görə məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür: "BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində, BMT Baş Assambleyasının 60-cı sessiyasının 7 sentyabr 2006-cı il tarixli, 62-ci sessiyasının 14 mart 2008-ci il tarixli qətnaməsində və digər beynəlxalq sənədlərdə Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu aydın şəkildə göstərilib. Ona görə də bu ərazilərdə, o cümlədən Kəlbəcər rayonu ərazisində baş verən bütün hadisələrə görə məsuliyyəti Ermənistanın Dağlıq Qarabağda yaratdığı separatçı və oyuncaq rejim deyil, məhz Ermənistan hakimiyyəti daşıyır".

QAT sədri əlavə edib ki, Rusiya prezidentinin təşəbbüsü ilə 2010-cu il oktyabrın 27-də Həştərxanda Azərbaycan və Ermənistan prezidentləri birgə bəyannamə imzalayıblar: "Həmin bəyannaməyə görə, tərəflər əsir və girovların dərhal geri qaytarılması ilə bağlı öz üzərlərinə öhdəlik götürüblər. Deməli, Ermənistan öz məsuliyyətindən kənara çəkilməməli, məsuliyyəti Dağlıq Qarabağdakı qondarma rejimin üzərinə atmamalı, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr, həmçinin özünün imzaladığı sənədlərə əməl edərək Dilqəm Əsgərov və Şahbaz Quliyevi dərhal Azərbaycana qaytarmalı, digər azərbaycanlı Həsən Həsənovun öldürülməsinə, Dilqəm Əsgərova və Şahbaz Quliyevə verilən işgəncələr, onların üzərində qurulan oyuncaq "məhkəmə prosesi"nə görə beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının qeyri-qanuni tutulma, itkin düşənlər, işgəncələr üzrə məsul qurumları qarşısında cavab verməlidir".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər