3 Aprel 2015 11:06
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyev: “Müxtəlif layihələrin birgə icrası üçün yaxşı imkanlar var”

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum aprelin 1-də Azərbaycana rəsmi səfərə gəlib. Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumu hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.

Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət

Azərbaycanda rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum aprelin 1-də Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.

Şəhidlərin xatirəsinə ehtiram

Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum aprelin 1-də Şəhidlər xiyabanını da ziyarət edib. Burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Rəsmi qarşılanma mərasimi

Aprelin 2-də Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Azərbaycan Prezidenti İlham Əliyev Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma raport verib.
Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Geniş tərkibdə görüş

Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezident İlham Əliyev deyib: “Əminəm ki, səfəriniz ölkələrimiz arasında qardaşlıq münasibətlərini gücləndirəcək. Bizim aramızda çox fəal siyasi dialoq mövcuddur. Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik. BMT və İslam Əməkdaşlıq Təşkilatında ölkənizin bizə göstərdiyi dəstəyə görə Sizə minnətdarıq. Azərbaycan da öz növbəsində hər zaman bütün beynəlxalq təsisatlarda Sizin ölkənizi dəstəkləyir. Ona görə də xalqlarımız arasındakı qardaşlığa əsaslanan güclü siyasi əlaqələr və fəal siyasi dialoq ikitərəfli tərəfdaşlıq üçün olduqca özəl format yaradır.

Sözsüz ki, iqtisadi əməkdaşlıq və investisiya ilə əlaqədar məsələlər mühüm əhəmiyyət kəsb edir. Şadıq ki, Sizin Ticarət Palatanızın xaricdə ilk ofisi 3 il əvvəl Bakıda yaradılıb. Qarşılıqlı investisiyalar, müxtəlif layihələrin birgə icrası, birgə müəssisələrin yaradılması üçün yaxşı imkanlar var, xüsusilə də turizm sahəsində. Bildiyiniz kimi, Azərbaycandan çox adam Sizin gözəl ölkənizə səfər edir. Ümidvarıq ki, Sizin ölkənizdən də turistlər Azərbaycana daha tez-tez səfərlər edəcəklər. Beləliklə, əməkdaşlığın formatı çox genişdir. Əminəm ki, nümayəndə heyətləri üzvlərinin xüsusi layihələrlə bağlı fikir mübadiləsi aparmaq imkanı olacaq. Bir daha Sizi salamlayıram və Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram.

Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum deyib: “Əlaqələrimizi daha da genişləndirmək və yaxşılaşdırmaq üçün bu gözəl ölkədə olmaqdan çox şadıq. Bu, ölkənizi görmək üçün yaxşı imkandır. Bizim bir-birimizdən öyrənəcəyimiz şeylər var”.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı və birgə investisiyalar, turizm və digər məsələlər müzakirə olunub.

Görüşdə regional təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sənədlər imzalandı

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun iştirakı ilə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Halların, Böhranların və Fəlakətlərin İdarə Edilməsi Komitəsi arasında fövqəladə halların idarə olunması sahəsində Anlaşma Memorandumunu Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Qarqaş imzaladılar.

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Qiymətli Kağızlar və Əmtəə Komitəsi arasında yardım və qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri imzaladılar.

Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Qarqaş ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. E.Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

Ənvər Məhəmməd Qarqaş Azərbaycanın dinamik inkişafını məmnunluqla izlədiklərini deyərək iki ölkə arasında iqtisadi, ticarət, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu söyləyib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar barədə məlumat verib, Ermənistanın destruktiv və işğalçı siyasətinin münaqişənin həllinə başlıca mane olduğunu diqqətə çatdırıb. Güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinin qəbuledilməz olduğunu deyən E.Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğalçı qoşunlarının zəbt edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Nazir Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyət, demoqrafik vəziyyətin dəyişdirilməsi və Azərbaycan xalqına aid maddi-mədəni irsin, o cümlədən İslam dini abidələrinin məhv edilməsi barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər