Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvandakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin sədrliyi ilə ilk iclası keçirilib. İclasda bir sıra məqamlara aydınlıq gətirilib.
Bu cür məqamlardan biri də həm həmin binanın, həm də Bakı şəhərindəki digər tikililərin üzlənməsində istifadə olunan poliüretan materialların oda davamlılıq dərəcəsi ilə bağlı hansı dövlət qurumunun rəy verməsi məsələsidir. Toplantıda Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov deyib:
“Onu bizim Dövlət Yanğın Nəzarəti Xidmətinin laboratoriyası və yanğın nəzarəti bölməsi verib. Orada bunun sənədləri var. Onların təklif etdikləri sertifikatlarda, bizim onlara verdiyimiz rəylərdə yazılıb ki, bunlar çətin yanan materiallardır. Bu zavod ilkin olaraq işə başlayarkən onlar materiallara xüsusi maddə qatırdılar və Rusiyadan, Türkiyədən bütün sertifikatlar da o tərkiblə gəlib. Amma sonradan istehsal zamanı materiallara bu maddə qatılmayıb. Cənab Prezident, bütün bu işləri aparan sifarişçi təşkilatlara, icra hakimiyyətlərinə məktublarda dəfələrlə deyilib ki, bunlar ekspertizasız və heç bir müraciətsiz olub. Təəssüf ki, heç bir cavab alınmayıb. Bir dəfə deyil, dəfələrlə məktub göndərilib, konkret binalar göstərilib”.
Əslində, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun dövlət başçısına verdiyi bu izahatdan sonra məsələnin mahiyyəti kifayət qədər aydınlaşıb. Lakin bu açıqlamadan sonra da sosial şəbəkələrdə və bəzi saytlarda Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti xidmətinin 2 saylı ərazi idarəsi tərəfindən tamamilə başqa bir ünvanda aparılan fasadlama işləri üçün verdiyi rəy yayılmaqdadır. Həmin rəydə “Global Stone” MMC-nin istehsal etdiyi kaporol boyası ilə işlənmiş poliüretan üzlüyün çətin yanan material olması bildirilir.
Məsələ ondadır ki, bütün Avropa ölkələrəndə tikinti materiallarının oda davamlılıq dərəcəsinin müəyyənləşdirilməsi 7 müxtəlif kateqoriya- “A1”, A2” “B“, “C”, “D”, “E” və çeşidlənməyən digər materiallar- üzrə aparılır. “A1”, “A2” qrupuna yanmayan materiallar, məsələn, daş, dəmir və s. daxildir.
Tərkibinə yanma gecikdirici maddə qatılmış polistren və poliuretan isə “B-1” qrupuna daxil olmaqla ÇƏTİN YANAN materiallar sırasında yer alır. Ancaq həmin maddə qatılmadığı və ya az qatıldığı təqdirdə materialın oda davamlılıq əmsalı aşağı düşür, daha çox tüstü buraxır. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun izahatı, eyni zamanda, müxtəlif internet resurslarından poliüreten istehsalı ilə bağlı asanlıqla tapılan bu məlumatlar bir daha sübut edir ki, “Global Stone” MMC məhz müvafiq ekspertizalardan keçdikdən sonra istehsal etdiyi materialın tərkibinə yanğının qarşısını alan maddələr daxil etməyib. Beləliklə, bu məsələdə Dövlət Yanğın Nəzarəti Xidmətinə yönəlmiş bütün qərəzli ittihamlar alt-üst olur.
Alpay