Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) yaranan qarşıdurma, istefalar davam edir. AXCP sıralarında olduğunu bəyan edən şəxslər partiya rəhbərliyindən narazılığını bildirərək istefa verdiklərini və AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinə qoşulduqlarını söyləyirlər. Bununla eyni zamanda AXCP rəhbərliyinə, şəxsən Əli Kərimliyə qarşı ciddi ittihamlar irəli sürürlər. AXCP rəhbərliyi isə istefa verənlərin partiya üzvü olmadığına dair mövqelər ifadə edir, istefa verənləri satqın adlandırır.
Satqın kimdir?
Avqustun 25-də AXCP sıralarından istefa verən Rahib Hacıyev maraqlı fikirləri ilə diqqəti çəkib. O, əsl satqınların indiki AXCP rəhbərliyində təmsil olunduğunu iddia edərək konkret fakt da göstərib: "Mən həbs olunana qədər "Azəryolservis" ASC-də işləyirdim. Həbs olunan zaman "Azəryolservis" ASC-də necə işə düzəlmişəm, kim məni işə düzəldib və s. suallarla dindirildim. Amma AXCP Rəyasət Heyətinin üzvü Eldar Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetində işləyir, oğlu da BP-də çalışır. İndi özünüz təyin edin, görün satqın kimdir?"
İstefalar davam edir
Bu arada, bəlli olub ki, AXCP-nin Nərimanov rayon şöbəsinin Məclis sədri Rüfət Əliyevin istefası dəqiqdir və o da rəhbərliyə etiraz olaraq fəaliyyətini dayandırıb. Lakin onun narazılara qoşulub-qoşulmadığı hələlik məlum deyil.
Bundan başqa, AXCP-nin Suraxanı rayon şöbəsinin, "Hövsan-2" dayaq dəstəsinin 6 üzvü - Nurlan Rəsulov, Ramik Şirinov, Tahir Hüseynov, Vilayət Muxtarov, Fuad Səfayev, Cavid Nəbiyev istefa verdiklərini bəyan edərək AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəklədiklərini bildiriblər. Eyni zamanda, Eldar Cabbarov adlı şəxs də istefa verib.
"Partiyadan 20 qəpik xeyir görmədim"
AXCP daxilində daha bir istefa yenə Suraxanı təşkilatında yaşanıb. Partiyanın gənc üzvü Cavid Nəbiyev AXCP sıralarından istefa verdiyini və narazılara qoşulduğunu elan edib: "2003-cü ildən meydanlardayam. AXCP-nin Suraxanı şöbəsinin üzvüyəm. Əli Kərimlini indiyə qədər hər zaman dəstəkləmişəm. Son illərdə partiyada gördüklərim, artıq qalmağıma imkan vermədi. 2005-ci ildə dəfələrlə döyüldüm. Hətta həmin il Əli bəyi Nərimanov parkından taksi ilə qaçırdıq. Bu il 28 fevralda 400 manat cərimələndim. Fəhləliklə o cəriməni ödədim. Partiya mənə kömək etmədi. Bir insan belə, mənimlə maraqlanmadı. Mənə çoxlu təzyiqlər oldu ki, sənin orada nə işin var? Əsl cəbhəçi olmuşam və heç zaman xəyanət etməmişəm. Üzvlük haqqını daim vermişəm. Hər mitinqdə ətrafımda 5-10 nəfərlə iştirak etmişəm. Partiyadan 20 qəpik belə, xeyir görməmişəm. Çəkdiyim əzablar hədər oldu. Artıq haqq-ədaləti indi tapmışam. Narazıları dəstəkləyirəm".
Gənc cəbhəçi daha sonra belə deyib: "İndiyə qədər gözləyirdim ki, əqidəli təşkilat yaransın və ona qoşulum. Bu gün belə bir təşkilatı tapdım. Hazırda Əli Kərimlinin mühafizəçisi olan, Suraxanı təşkilatının sədri Bəhruz məni təhdid edir. O, kimdir ki, məni təhdid etsin. O, partiyada olmayanda mən orada idim. Deyir ki, sən narkomansan. Əli Kərimlinin qəbuluna düşmək üçün dəfələrlə çalışdım. Şikayətimi çatdırmaq üçün. Amma mənə şans vermədilər. Ona görə də partiyadan gedirəm. İndiyə qədər boğazımdan kəsib, fəhləliklə qazandığım pullardan partiyaya yardım etmişəm".
"AXCP qruplaşmaların əlində girova çevrilib"
AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü Cavid Musazadə isə deyib ki, AXCP müxtəlif qruplaşmaların əlində oyuncağa çevrilib. Onun sözlərinə görə, partiyanı parçalamaq xətti götürən Əli Kərimli müavini Fuad Qəhrəmanlı vasitəsi ilə bu qruplaşmları idarə edir və maraqları daxilində onları bir-biri ilə savaşdırır: "Hazırda AXCP partiyadaxili qruplaşmaların savaş meydanına çevrilib. Xüsusilə iki qruplaşma daim bir-biri ilə mübarizə içərisindədir. Partiyada "Üçlər" adlı qruplaşma var. Bura Eldar Hüseynov, Həsən Kərimov və Gözəl Bayramlı daxildir. Digər qruplaşmada isə Fuad Qəhrəmanlı, Mirfeyzulla Seyidov, İbrahim İbrahimli və partiyadan kənar bir sıra adamlar təmsil olunur. Ancaq Fuad Qəhrəmanlı maraqları çərçivəsində hər iki qruplaşmada olmağı bacarır. Çünki o Əli Kərimlinin söz gəzdirənidir. AXCP Rəyasət Heyəti toplaşanda qruplaşma üzvləri burun-buruna dayanırlar. Yəni, bu təşkilat monolit deyil. Əli Kərimli daha çox AXCP daxilindəki Eldar Hüseynov, Həsən Kərimov, Gözəl Bayramlı qruplaşmasını dəstəkləyir. Ancaq, Fuad Qəhrəmanlı özünü Əli Kərimliyə sadiq göstərməyə çalışır. Eyni zamanda, Əli Kərimli Fuad Qəhrəmanlı ilə yaxın əlaqələr saxlayır. Əli Kərimli həmişə yaltaq adamlarla işləməyi ağıllı adamlarla işləməkdən üstün tutur".
"İntellektual gənclik plakat daşımaq üçün istifadə olunur"
AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü Ehtiram Mehdiyev isə bildirib ki, Əli Kərimli AXCP-ni şəxsi biznesi kimi idarə edir. Onun sözlərinə görə, Kərimlinin ətrafında savadlı, intellektual gənclər var: "Lakin Əli Kərimli bu gənclərdən ya plakat daşımaq üçün, ya da şüar səsləndirmək məqsədilə istifadə edir. Halbuki onlar təhsillərini artırıb karyera qura bilərlər. Xaricdə bir neçə təlimdə olarkən təşkilatçılar bildirdilər ki, sizin müxalifəti hər ay dəvətnamə göndəririk. Lakin heç bir cavab gəlmir. Bilirsiniz niyə? Çünki o gənclər Avropaya gedər, gözləri açılar, gəlib liderlərinə qarşı çıxarlar".
CAVİDAN