Almaniya və Hollandiya teoremi necə isbat etdi?
Düz 64 il idi ki, bütün Braziliya o məğlubiyyətin əzabını çəkirdi. 1950-ci ildə, əfsanəvi “Marakana”da Uruqvaydan alınan məğlubiyyəti deyirəm. Ta o vaxtdan “Marakana”da Uruqvayın bayrağının rəngləri hakim idi. Hər dəfə o rənglərə baxdıqca braziliyalıların yarasının qaysağı qopurdu.
64 ildən sonra Braziliya növbəti dəfə mundiala ev sahibliyi edirdi. Əfsanəvi “Marakana” da təmir olundu. Uruqvayın bayrağının rənglərini sildilər. Tam ağ rəngə boyadılar stadionu. Braziliyalılar stadionun bəzədilməsini mundialdan sonraya saxladılar. Onlar əmin idilər ki, bu dəfə “Marakana”da Braziliyanın bayrağının rəngləri hakim olacaq.
Braziliyanın çempion olacağına hamı inanırdı. 64 ildən sonra Braziliya çempion olmadı, 64 il aldığı əzabın yükünü artırdı. Allah bilir neçə qat...
Mundialın yarımfinalında Almaniyadan alınan 1:7 hesablı məğlubiyyət bütün Braziliyanı depressiyaya saldı. 64 ilə əvvəl Braziliya, həqiqətən də, çempionluğa layiq idi. 64 il sonra Braziliya çempionluğa layiq deyildi.
Braziliyalılar reallığı qəbul etsələr, üzülməzlər Almaniyadan, Hollandiyadan alınan məğlubiyyətə. Amma braziliyalılar üçün futbolda cəmi-cümlətanı bir reallıq var: Braziliya futbolda hamıdan güclüdür.
Braziliya nə vaxt çempion olubsa, həmin vaxt heyətdə lider funksiyasını üzərinə götürən 3-4 futbolçu olub. Pele-Qarrinça, Bebeto-Romario, Ronaldo-Ronaldinyo-Rivaldo... İndiki Braziliyanın heyətində isə təkcə Neymar vardı. O da inanılmaz təzyiq altında. Braziliyada oyun sistemi də məhz onun üzərində qurulmuşdu. Neymar zədələnincə, o sistem dağım-dağım oldu.
Hələ qrup mərhələsinin oyunları zamanı Braziliyanın zəif olduğu sezilirdi. Xorvatiya hakimin köməyi ilə məğlub edildi. Kamerun hamıya, o cümlədən Braziliyaya da özü məğlub oldu. Meksikanın dizini bükmək mümkün olmadı. Elə 1/8 finalda Çilinin də.
Çili Braziliyaya yox, bəxtə məğlub oldu. Penalti seriyasında məğlubiyyətin izahı budur. Bircə ona təəccüb edirəm ki, Braziliya Kolumbiyaya necə qalib gəldi... Qalanı aydındır. Yarımfinalda Almaniya, 3-cü yer uğrunda qarşılaşmada isə Hollandiya teoremi isbat etdi - Braziliya zəifdir. İndi qalır braziliyalıların bu isbatı qəbul edib, reallıqla barışması.
Braziliyada istedadlı nəsil futbolçuların qıtlığı yaşanır. Zəif Rusiya çempionatında çıxış edən futbolçu Braziliya millisinin heyətinə düşürsə, dünya çempionluğunun sevinc yükünün əvəzinə əzabın yükünü çəkməlidir braziliyalılar.
Messi Maradona ola bilmədi
Almaniyanın çempion olmasını kimsə ədalətsizlik hesab edə bilməz. Heç Argentina da çempion olsaydı, onların bostanına daş atan olmayacaqdı. Hər iki komanda futbolu ayaqla yox, başla oynayırdı. Amma bir fərq vardı, Almaniyada ağıllı başlar daha çox idi. Argentina isə Messiyə arxayın olmuşdu. Arxayın olmuşdu ki, Messi Maradona olacaq. Messi Maradona ola bilmədi.
Messi, bəlkə də, Maradona olardı. Amma bunun üçün Hiquaynın, Aqueranın da Valdano, Burruçaqa olması vacib idi. Ola bilsin ki, Hiquayn, Aquera yaxşı futbolçudurlar. Amma böyük futbolçu deyillər. Böyüklər olmadığı üçün Messi də Maradona ola bilmədi. Heyf...
Məşqçidəki iddiaya bax...
Almaniyadan çox danışmağa lüzum yoxdu. Bu ölkə istedadlı futbolçular istehsal edən ən mükəmmələ fabrikdir. Nəsil dəyişməsi zamanı baş verən boşluğu nəzərə almasaq, zaman-zaman istedadlı futbolçular nəsli Almaniyaya uğur qazandırıb. Hələ 2 il əvvəl, Avropa çempionatında hiss olunurdu ki, bu nəsil futbolçular Almaniyaya nəsə verəcəklər. Nəticə nə olsa yaxşıdır? Dünya çempionluğu. Halaldır.
Bilirsiz Yohaim Löv Mario Götseni meydana buraxarkən onun qulağına nə pıçıldayıb? “Çıx, Messidən yaxşı olduğunu göstər” deyib. İddiaya bax ey. Belə iddiası olan niyə çempion olmasın ki?
Kosta Rika da çempiondur
2014-cü il çempionatı təkcə Braziliya, Argentina və Almaniya ilə yaddaşlarda qalmayacaq. Hollandiyanın haqqını niyə verməyək ki? Çempionatı məğlub olmadan tərk etdi bu komanda. Lap elə çempion olsaydı belə, Hollandiyaya “gözün üstə qaşın var” deyən olacaqdı? Qətiyyən. Ləyaqətlə mübarizə apardılar axı. İndi durub “Braziliyada təkcə Almaniya yox, Hollandiya da çempion olub” desəm nə cavab verəcəksiz mənə?
Hələ bir az da üzə dursam “Kosta Rika da çempiondur” deyə bilərəm. Zarafat deyil ey, bu kiçik ölkənin dizini bükən tapılmadı orda. Elə çempion saydığım Hollandiya yalnız penalti seriyasında dayandıra bildi bu ölkəni. Yadınızdan belə tez çıxara bilməzsiz Kosta Rikanı.
Hələ Meksikanı, Çilini demirəm. Hələ Kolumbiyadan danışmıram. Falkaonun dünya çempionatına getməyəcəyi məlum olanda kolumbiyalı azarkeşlər onu zədələyən türk əsilli fransızı ölümlə hədələyirdilər. İndi yəqin ki, azarkeşlər Falkaonu zədələyən coğrafiya müəllimini bağışlayarlar. Falkao olsaydı, Rodriges olmayacaqdı. Dünya çempionatının “Qızıl buts” mükafatını alan kolumbiyalı forvardın mundialda parlaması məhz Falkaonun zədələnməsinə bağlıdır. Təsadüfi heç nə olmur axı...
Bəlkə, Əlcəzair millisinin oyununu unudubsuz? Unuda bilməzsiz. Az qalmışdı, az qalmışdı ki, indi çempion olan Almaniyanı evə erkən yola salsınlar. Bir azca təcrübə çatmadı. Bir azca..
Dünya çempionatı yekunlaşdı. Yuxusuz gecələr keçirmisizsə, indi gedin yatın. Əmin olun ki, hələ bir müddət röyalarda futbol görəcəksiz.
Hələ çox danışacağıq bu mundialdan. Braziliyalılar isə yəqin ki, unutmayacaqlar bu çempionatı. Onlar qəmin, qalan dünya dəmin yükünü çəkəcək. Təşəkkürlər, Braziliya. Baxımlı, rəngarəng, yaradıcı mundiala görə. Təkcə meydanda oynanılan futbol yox, tribunalarda, stadiondan kənarda yaşanan həyatın özü də bir yaradıcılıq nümunəsi idi. Belə azarkeşləri harda görmüşdük ki? Belə azarkeşliyi bir də harda görəcəyik ki?
Mundialın ən yaxşıları
Braziliyada keçirilən dünya çemionatında fərdi mükafatların da sahibi müəyyənləşib.
“Qızıl buts”
DÇ-2014-ün bombardiri Ceyms Rodriges olub. Kolumbiya yığmasının üzvü mundialda 6 qola imza atıb. Alman Tomas Müller 5 dəfə fərqlənib. Tomas Müller ikinci, Neymar üçüncü mükafata layiq görülüb.
Ceyms Rodries (Kolumbiya) - 6
Tomas Müller (Almaniya) - 5
Neymar (Braziliya), Robin van Persi (Hollandiya), Lionel Messi (Argentina) - 4
“Qızıl top”
Dünya çempionatının ən yaxşı futbolçusu Lionel Messi olub. O, on nəfərin arasından fərqlənərək “Qızıl top” mükafatına layiq görülüb.
Messi bu ad uğrunda Mats Hummels, Toni Kroos, Filip Lam, Tomas Müller (hamısı Almaniya), Angel Di Maria, Xavyer Maskerano (ikisi də Argentina), Neymar (Braziliya), Aryen Robben (Hollandiya), Ceyms Rodrigeslə (Kolumbiya) mübarizə aparırdı. Tomas Müller ikinci, Aryen Robben üçüncü olub.
“Qızıl əlcək”
Turnirin ən yaxşı qapıçısına verilən “Qızıl əlcək” mükfatının sahibi də müəyyənləşib. Almaniya yığmasının qapıçısı Manuel Noyer bu mükafata sahib çıxıb. O, bu nominasiyada Keylor Navas (Kosta Rika) və Serxio Romeronu (Argentina) qabaqlayıb.
“Ən yaxşı gənc futbolçu”
Dünya çempionatının “Ən yaxşı gənc futbolçu” mükafatı Fransa yığmasının üzvünə verilib.
Paul Poqba “Ən yaxşı gənc futbolçu” adına layiq görülüb. Poqba Mempis Depay və Rafael Varanı qabaqlayıb.
“Fair-Play” mükafatı
FİFA “Fair-Play” mükafatının da sahibini müəyyənləşdirib. Ali futbol qurumu bu mükafatı Kolumbiya yığmasına verib.
Natiq Muxtarlı