"Para Bank Olmayan Kredit Təşkilatı (BOKT)" Açıq Səhmdar Cəmiyyətinin (ASC) işçisi olmuş Kəyan Novruzov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatları dəqiqləşdirilən zaman təqsirləndirilən şəxsin əvvəllər məhkum olduğu müəyyənləşib.
Daha sonra zərərçəkmiş şəxslər müəyyən edilib. Zərərçəkmişlərdən ikisi əcnəbi ölkə vətəndaşı olduğu müəyyən olunub. Bunlar Ekushov Evgenı Viktoroviç və Ekushov Nıkıta Viktoroviçdir. Onlar qardaşdır, hər ikisi Rusiya vətəndaşıdır, Bakıda müvəqqəti yaşayıblar.
Zərərçəkmişlərdən biri Arif Əliyev Qarabağ müharibəsini qazisi olduğunu deyib.
Dövlət ittihamçısı Eldar Məmmədov bildirib ki, cinayət işi məhkəmə baxışına verilsin.
Amma zərərçəkmiş Arif Əliyev işin məhkəmə baxışına verilməsinə etiraz edib. İclasın təxirə salınmasını, vəkillə müqavilə bağlayacağını deyib. Bildirib ki, vəkili iştirak etməsə danışmayacaq, başqa iddiaları da var, buna görə iclasının təxirə salınmasını istəyir.
Hakimlər işin təxirə salınması barədə qərar qəbul ediblər.
Növbəti proses yanvarın 16-da davam edəcək.
Kəyan Novruzov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb. İş üzrə Ekushov Evgenı Viktoroviç, Ekushov Nıkıta Viktoroviç, Alışova Zöhrə Hüseyn qızı və Əliyev Arif Sabir oğlu zərərçəkmiş qismində tanınıb.
Kəyan Novruzov bundan 2019-cu ildə də cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt ona Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Kəyan Novruzovun cinayət məsuliyyətinə cəlb olunmasına səbəb "Para BOKT"un rəhbərliyini hüquq-mühafizə orqanlarına şikayət etməsi olub.
Araşdırmalar zamanı məlum olub ki, Kəyan Novruzov "Para BOKT"un xeyli miqdarda vəsaitini mənimsəyib.