5 Sentyabr 2016 11:17
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru DESFA-nın özəlləşdirilməsi ilə bağlı tender prosesinə zidd hərəkət olub, əvvəldən danışılmış qaydalar pozulub.

"Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. O qeyd edib ki, hazırda SOCAR Yunanıstan hökumətindən əsaslandırma gözləyir.

SOCAR prezidentinin sözlərinə görə, dəyişdirilmiş qayda ilə DESFA-nın qiyməti iki dəfə aşağı olmalıdır: "Əgər gəlirlilik aşağı salınıbsa, şirkətin qiyməti də əvvəlki qiymət olmamalıdır. Hazırda Yunanıstan hökuməti ilə danışıqlar aparılır" .

Danışıqlarda SOCAR-la yanaşı İtaliyanın "Snam" şirkəti də iştirak edir.

SOCAR-ın DESFA-nın alınmasından imtina edib-etməyəcəyinə gəlincə Rövnəq Abdullayev qeyd edib ki, SOCAR tenderdə qalib gəlib və imtina etməyəcək: "Biz sona qədər öz haqqımızı qoruyacağıq".

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb.

Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

İtaliyanın "Snam" şirkəti 17%-in alınmasında maraqlıdır.


Müəllif: