“Bu gün dünyada davam edən dərin siyasi, hərbi və iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatının əvvəlki illərdə olduğu kimi yüksək templərlə inkişaf etdirilməsi asan deyil. Misal üçün qeyd etmək olar ki, 2015-ci ildə Rusiyada ümumi daxili məhsul 3,7 faiz, Belarusda 3,9 faiz, Ukraynada 9,9 faiz, Moldovada 0,5 faiz, sənaye istehsalı Rusiyada 3,4 faiz, Belarusda 6,6 faiz, Ukraynada 13,4 faiz, Qazaxıstanda 11,6 faiz, Qırğızıstanda 4,4 faiz, əsas kapitala yönəldilmiş investisiyalar Rusiyada 8,4 faiz, Belarusda 15,2 faiz, Moldovada 8,8 faiz azalıb”.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 2016-cı ilin üçüncü rübünün nəticələrini qiymətləndirərkən deyib.
İnflyasiya haqda danışan Komitə sədri bildirib ki, inflyasiya Rusiyada 15,5 faiz, Belarusda 13,5 faiz, Ukraynada 48,7 faiz, Moldovada 9,7 faiz, Qazaxıstanda 6,6 faiz, Qırğızıstanda 6,5 faiz olub: “Bu tendensiya cari ildə də davam edib. Belə ki, 2016-cı ilin yanvar-avqust aylarında sənaye istehsalı Qazaxıstanda 2,3 faiz, Belarusda 1,8 faiz, Qırğızıstanda 8,3 faiz, əsas kapitala investisiyalar Rusiyada, Moldovada, Belarus və Ermənistanda azalıb, Qazaxıstanda, Ukraynada və Belarusda istehlak qiymətləri indeksi Azərbaycanda qeydə alınan 11,2 faizlik inflyasiyadan daha yüksək olub. 2016-cı ilin yanvar-sentyabr aylarında ölkəmizdə də əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz az ümumi daxili məhsul istehsal edilib. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,0 faiz azalması olub”.
Komitə sədri əlavə edib ki, ölkə başçısının iqtisadiyyatın diversifikasiyası ilə bağlı vaxtında və uzaqgörənliklə qəbul etdiyi qərarların nəticəsində hətta bu böhranlı ildə sənaye istehsalı qeyri-neft sənayesinin 3,6 faizlik artımı hesabına müsbət dinamikasını qoruyub saxlayıb: “Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında 23,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilib. 2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,4 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,8 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,1 faiz artıb.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında 164,4 milyon ton yük və 1406,1 milyon sərnişin daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9 faiz azalıb, sərnişin daşınması isə 1,9 faiz artıb.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 5,5 faiz artıb, bu sahədə əldə edilən gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb”.
Komitə sədri əlavə edib ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ilin əvvəlindən xarici ticarət dövriyyəsində müşahidə olunan geriləmə ləngiməyə başlayıb: “2016-cı ilin səkkiz ayının nəticələrinə görə ölkənin xarici ticarət dövriyyəsi 11330,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 5790,3 milyon dollarını və ya 51,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 5540,0 milyon dollarını (48,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 250,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. Ticarət dövriyyəsinin 36,9 faizi Avropa İttifaqı ölkələrinin, 14,9 faizi MDB üzvü ölkələrinin, 48,2 faizi isə digər ölkələrin payına düşüb”.
Nemət