31 İyul 2014 14:24
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 20 ili tamam olması münasibəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Mədəniyyət və Turizm Nazirliyi və İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi ilə “Art Energy - 20” mövzusunda müsabiqə elan edib.

ARDNŞ-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, Azərbaycan neft sənayesinin tarixini, əfsanəvi Neft Daşlarını, “Əsrin müqaviləsi”nin, Bakı-Tbilisi-Ceyhan, “Azəri-Çıraq-Günəşli'', “Şahdəniz” layihələrinin respublikamızın sosial və iqtisadi inkişafındakı rolunu, neftçilərimizin fədakar əməyini və iqtisadiyyatımızın ötən müddət ərzindəki müsbət dinamika üzrə inkişafını tərənnüm etməlidir.

ARDNŞ, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı nümayəndələrindən və tanınmış rəssamlardan ibarət Münsiflər Heyəti əsərlərə baxış keçirəcək, qaliblər açıq səsvermə yolu ilə müəyyən ediləcək. Səsvermənin nəticələri münsiflər heyətinin rəyi əsasında müəyyənləşdiriləcək. Müsabiqəyə rəngkarlıq, qrafika, kiçik həcmli heykəltəraşlıq janrlarında hazırlanmış sənət əsərləri təqdim edilə bilər.
Müsabiqənin ümumi mükafat fondu 20 000 manat təşkil edir. I yer üçün 3 mükafat - 3x3000 - 9000 manat, II yer 3 mükafat - 3x2000 - 6000 manat, III yer 3 mükafat - 3x1000 - 3000 manat, həvəsləndirici mükafatlar - 10x200 - 2000 manatdır.

Müsabiqədə iştirak etmək istəyənlər ARDNŞ-də yaradılmış Təşkilat Komitəsinə müraciət etməklə müsabiqənin şərtləri barədə məlumat əldə edə bilərlər.

Naibə


Müəllif: