Siyasi amillərin təsiri nəticəsində Rusiya məhsullarının Ermənistan vasitəsilə təkrar ixracı azalır. Bu da 2025-ci ildə Ermənistanın ümumi iqtisadi göstəricilərinin azalması üçün ilkin şərt yaradır.
Teleqraf.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistanın azalan ixracını illərdir Rusiya qızılının təkrar ixracı kompensasiya edib.
Lakin Ermənistan vasitəsiilə rus qızılının təkrar ixracı təxminən 10 dəfə azalıb. Əgər 2024-cü ilin martında 1,4 milyard dollar dəyərində qızıl reeksport edilmişdisə, ötən ilin noyabrında bu rəqəm 110 milyon dollara qədər kiçilib.
Avrasiya Ekspert Klubunun üzvü Aqasi Tavadyan bildirib ki, Rusiya əvvəllər qızılın 1 kq-ı üçün 78 min rubl ixrac rüsumu tətbiq edirdi. Bu rüsum Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrə şamil edilmədiyindən Rusiya qızılının təxminən 90%-i Ermənistan vasitəsilə başqa ölkələrə keçirdi. Lakin 2024-cü ilin yazında bu rüsum ləğv edilib. Nəticədə rus sahibkarlar üçün qızılı Ermənistan vasitəsilə Qərbə satmağın iqtisadi əhəmiyyəti qalmayıb.
Aqasi Tavadyan onu da əlavə edib ki, Emənistanda sənayenin 4,7% artımında rus qızılının Ermənistan vasitəsilə başqa ölkələrə təkrar ixracı əsas rol oynayıb.
"Artım 2023-cü ilin noyabrında başladı və təxminən 2024-cü ilin ortalarına qədər davam etdi. 2024-cü ilin martında sənayedə artım 31%-ə çatdı. Lakin son bir neçə ayda artım səngiyib. Hətta ötən ilin noyabr-dekabr aylarında azalma qeydə alınıb. Ermənistan iqtisadiyyatında sənaye istehsalının payı cüzidir. Əsasən ticarət (ümumi iqtisadi fəaliyyətin 44%-i) və xidmətlərin (24%) hesabına 17% artıb. Yəni ticarət və xidmət sahələri Ermənistan iqtisadiyyatının 68%-ni təşkil edir" - deyə, Aqasi Tavadyan qeyd edib.
Ermənistan Statistika Komitəsinin hesabatına görə, 2024-cü ildə ölkədə iqtisadi artım 8% təşkil edib. Artım əsasən ticarət, tikinti və xidmətlər hesabına baş verib.