2017-ci ilin noyabrında Bakıda daşınmaz əmlak bazarında qiymətlər manat ekvivalentində 0,94 faiz azalıb.
Teleqraf.com xəbər verir ki, bunu "Trend"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, ötən ay torpaq və ikinci mənzil bazarında qiymətlər artıb, ilkin mənzil, kommersiya obyektlərinin satışı və onların icarəsi bazarında qiymətlər azalıb: “Noyabr ayında ikinci mənzildə kvadrat metrin qiyməti 1 627 manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 1,16 faiz çoxdur. İlkin mənzilin dəyəri 0,27 faiz azalıb və bir kvadrat metri 1 238 manat təşkil edib. Bakıda noyabr ayında mənzil icarəsi bir kvadrat metr üçün 8,49 manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 1,19 faiz azdır. Noyabr ayında torpaq bazarı 2,48 faiz artıb və bir sot torpaq üçün 20 349 manat təşkil edib”.
Onun sözlərinə görə, noyabr ayında kommersiya obyektləri bazarında qiymətlər azalmaqda davam edib: “Kommersiya obyektlərinin bir kvadrat metri üçün orta qiymət 2 588 manat təşkil edib ki, bu da ötən ayla müqayisədə 2,31 faiz azdır. Onların icarəsi isə 1,83 faiz azalıb və 13,65 manat təşkil edib”.
Ekspert qeyd edib ki, ümumilikdə ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 7,73 faiz azalıb: “İkinci mənzil bazarında qiymətlər il ərzində 13,79 faiz, mənzil kirayəsi 17,04 faiz, torpaq kirayəsi 1,23 faiz azalıb. Ötən ilin noyabr ayı ilə müqayisədə kommersiya obyektləri bazarında qiymətlər 21,31 faiz, ilkin mənzil və kommersiya obyektlərinin kirayəsi bazarında müvafiq olaraq 13,79 və 17,68 faiz azalıb”. (trend)