Bu il yanvarın 1-dən ölkəyə gətirilən maşınların aksiz rüsumlarının artırılması qiymətlərə təsir göstərib.
Bu sözləri Teleqraf.com-a açıqlamasında ekspert Natiq Cəfərli bölgələrdə ikinci əl və Rusiya istehsalı avtomobillərinin qiymət artımının səbəblərindən danışarkən deyib.
Onun sözlərinə görə, həm yeni, həm də köhnə maşınlarda təxminən 85 faiz artım müşahidə olunur: “Bölgələrdə bahalaşan ikinci əl və köhnə Rusiya istehsalı maşınları bazarda ən ucuz seqmentdir. Regionlarda yaşayan insanların maşına olan ehtiyaclarını ödəmək üçün imkan çatan seqment köhnə sovet və ya Rusiya istehsalı avtomobilləridir. Regionlarda onların qiymətinin artması bu mənada məntiqlidir”.
Natiq Cəfərli əlavə edib ki, Azərbaycan İranla birgə Neftçalada yeni avtomobil zavodu yaratmaq fikirindədir: “Əslində bu, 3-cü cəhddir. Bundan öncə Şamaxıda və Naxçıvanda da yerli avtomobil istehsalına başlanılıb. Amma hər ikisi uğursuz olub”.
Ekspert ümid etdiyini bildirib ki, İranla birgə yeni yaradılacaq zavod oxşar aqibəti yaşamayacaq: “Dünyada belə bir praktika var ki, hansısa ölkə avtomobil yığımı həyata keçirirsə, ən azı bunun ehtiyat hissələrinin 30 faizi daxili istehsal olmalıdır. Məsələn, Türkiyə artıq buna nail olub. Bu ölkədə 8 böyük dünya şirkəti avtomobil zavodu açıb. Bu gün artıq onlarda ehtiyat hissələrin yerli istehsalı 40 faizə çatıb. Ona görə də Türkiyədə avtomobil istehsal etmək və xarici bazarlara çıxarmaq sərf edir”.