16 Aprel 2019 20:42
2 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının aprelin 14-də qaz direktivinə düzəliş etməsinin “Şimal axını-2” qaz kəmərinin istifadəyə verilməsini əhəmiyyətli dərəcədə çətinləşdirdiyini deməzdim. Direktivin ana xəttini üçüncü enerji paketinin müddəaları təşkil edir. Orada yazılıb ki, hasilatçı şirkət nəqletmə və paylayıcıda da hegemon mövqeyə malik ola bilməz. Necə ki, “Qazprom” hasilatçıdır, “Şimal axını-2” layihəsinin sahibidir. Aprelin 14-də edilən düzəlişdə də qeyd olunur ki, üçüncü tərəfin bu kəmərdə yer almaq hüququ olmalıdır. Sənədin əsas qayəsi bundan ibarətdir.

Bunu Teleqraf.com-a açıqlamasında “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

Avropa İttifaqı Şurasının aprelin 14-də qəbul etdiyi qaz direktivini şərh edən İ.Şaban deyib ki, çox maraqlı bir müddəa da bundan ibarətdir ki, üçüncü tərəfin pul ödəyib kəmərin səhmdarı və ya tranzit kimi ondan istifadə etmək hüququ olmalıdır:

“Ona görə də direktivin rəsmi adı “Üçüncü ölkələrdən Avropa bazarına gələn infrastrukturlar” adlanır. Söhbət Rusiyanın Avropa bazarına bağlanmasından getmir. Digər ölkələrin Avropa bazarına çıxışını asanlaşdıran bir direktivdir. Yəni, hüquqi baza məhz bunu asanlaşdırır və Avropa bazarına yönəlik enerji resurslarının rəqabətini artırmağa xidmət edən bir hüquqi müstəvi yaradılır. Mən hesab edirəm ki, bu direktiv təkcə “Şimal axını-2” layihəsinə hədəflənməyib. O cümlədən Azərbaycan qazının Avropa bazarına çatdırılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizinə də şamil edilir. Biz hər zaman demişik ki, Cənub Qaz Dəhlizi üçüncü tərəf üçün açıqdır. İndi isə avropalılar bunu hüquqi müstəvidə edirlər”.

İ.Şaban qeyd edib ki, 2009-cu ildən sonra avropalılar Avropa qaz bazarında rəqabətin güclü olmasına, hər hansı şirkətin, hər hansı dövlətin hegemonluğunun qarşısının alınmasına, enerji resurslarından Avropanın bu və ya digər nöqtəsində bir alət kimi istifadə edilməsinin qarşısına çalışırlar:
“Avropalılar bu istiqamətdə mən deyərdim, böyük filtrlər qoyublar. Söhbət hüquqi müstəvidən gedir. Bütün atdıqları addımlar nəticəsində qiymətlərin endirilməsinə, istehlakçılara xidmətə yönəlib. Bunun nəticəsində daha çox ölkədən Avropa bazarına enerji resursları daxil olacaq. Daha çox enerji resursları isə qiymətlərin ucuzlaşması, ən azı baha olmayacağı deməkdir. Dünənki sənəd də bundan öncə enerji bazarlarının tənzimlənməsi ilə bağlı qəbul edilmiş sənədlərin toplusu, silsilə addımların biridir. Deməzdim ki, sonuncusudur. Çünki onlar bu qanunları daha da sərtləşdirə bilərlər”.

İ.Şaban qeyd edib ki, avropalılar bu sahədə kifayət qədər başqa ölkələrlə, regionlarla müqayisədə həm qanunvericilik sahəsində, həm praktiki addımlarla çox güclü şəkildə öz işlərini görürlər:

“Heç kim Avropanın, yaxud Amerikanın Rusiya enerji resurslarından bu regionu təcrid etmək istədiyi mifinə inanmasın. Bunlar mifdən başqa bir şey deyil. Əgər Avropa dünyanın ən böyük enerji istehlakçısıdırsa və onun yanında, çox yaxın bir bölgədə dünyanın ən böyük enerji resursu olan bir ölkə – Rusiya yerləşibsə, nəyə görə ondan boyun qaçırmalıdır? Sadəcə avropalılar o qanunları elə qəbul edirlər ki, Rusiyadan daha ucuz xammal əldə edə bilsinlər. Bu da çox gözəl bir şeydir. Məgər siz daha bahalı bir şey almaq istəyərsiz? Bu, avropalıların ağlıdır. Vaxtilə Rusiyadan qazın min kubmetrini 500 dollara alırdılar, ötən il 197 dollara, bu il aprelin 14-də Rotterdamda birjada boru kəməri ilə nəql edilən Rusiya qazının qiyməti 176 dollar idi”.


Müəllif: Səxavət Həmid