Əsas iqtisadi və sosial göstəricilər müsbətdir, dinamika təmin edilir. Əlavə gəlirlərimiz imkan verir ki, biz sosial məsələlərin həllində daha fəal olaq və daha böyük işlər görək. Bildiyiniz kimi, ilin əvvəlindən çox böyük həcmli sosial paket təqdim edildi, təsdiqləndi, müvafiq fərmanlar imzalandı. Bu prosesə hazırlığı biz keçən ildən başlamışdıq və prezident seçkilərindən sonra andiçmə mərasimində əslində, görüləcək işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yanaşmanın konturları müəyyən edildi.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
“Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək”, - deyən dövlət başçısı vurğulayıb ki, minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə imkan verir ki, bu məsələləri həll edək.