Neftin qiymətinin bir gün içərisində ucuzlaşmasına siyasi qərar səbəb olub. Sözsüz ki, prosesin subyektiv və obyektiv səbəbləri də var. Obyektiv səbəb, dünya iqtisadiyyatında zəifləmə prosesinin getməsi, koronavirus təhlükəsinin iqtisadiyyatın inkişafını 0,5 % aşağı salmasıdır. Bu isə milyardlar deməkdir. Turizm sektoru isə 35 faiz azalıb və proses davam edir. Belə bir tendensiya neftə olan təlabatı azaldır və bu obyektiv səbəblərdir. Ancaq neftin qiymətində kəskin ucuzlaşma Vyana danışıqlarından sonra baş verdi. Faktiki olaraq, Vyanada OPEK və Rusiya anlaşa bilmədi və ya anlaşmaq istəmədi.
Bu fikirləri Teleqraf.com-a iqtisadçı ekspert Natiq Cəfərli neftin qiymətində 30 faiz ucuzlaşmanın səbəbləri haqqında danışarkən deyib.
Onun sözlərinə görə, burada iki önəmli məsələ var:
“OPEK-in 2016-cı ildə Rusiya ilə anlaşmasından sonra neftin qiyməti artmışdı. Rusiyalı rəsmlərin açıqlamalarından aydın olur ki, ruslar əvvəlki razılığa əsasən, istehsalı əvvəlcə 700 min, sonra isə 1,4 milyon barel azaltdılar. Ümumilikdə isə 1,7 milyon barel neft bazara çıxarılmadı. İndi isə Vyanada Səudiyyə Ərəbistanı təklif edir ki, bazara daha 1,5 milyon barel neft az çıxarılsın. Beləcə ümumi hasilatın azalması 3,2 milyon barel olsun. Bunun da 500 min barelini Rusiya etməli idi. Ruslar bu təklifdən imtina etdi. Çünki son zamanlar OPEK-Rusiya anlaşmasından udan tərəf ABŞ idi. 2016-cı ildə OPEK və Rusiya anlaşaraq, qiyməti süni formada artırdılar. Bunu nəzərə alan ABŞ-dakı neft hasilatçıları bu işə sərmayə qoymağa başladı. Həmin tarixdə ABŞ-da gündəlik hasilat 8,6 milyon barel idi. Bu gün isə ABŞ neft istehsalına görə, dünyada liderə çevrilib. Gündəlik hasilat 13,1 milyon bareli keçir. Rusiya da anladı ki, süni formada qiyməti qaldıraraq ABŞ istehsalçılarının əlinə oynayır və həm də bazardan sıxışdırılır. Məsələn, son 1 ildir ki, ABŞ neft istehsalçıları Avropaya neft satırlar, hansı ki, bu bazarda Rusiya nefti önəmli rol oynayırdı”.
N. Cəfərliyə görə, indi Rusiyanın strateji hədəfi odur ki, neftin qiymətinin azalmasına 1-2 il dözsün və beləcə ABŞ-da neftin istehsalının maya dəyəri baha olduğu üçün onları bazardan sıxışdırsın:
“Bundan sonra neftin qiyməti nisbətən sabitləşə və 60 dollar civarına çata bilər. Rusiya beləcə uzunvədəli strateji plan qurur və ABŞ neft istehsalçılarını bazardan vurub çıxarmağa, yeni bazarlara çıxış əldə etməyə çalışır. Bu prizmadan neftin qiymətinin ucuzlaşması həm də siyasi qərardır”.