Aydın Əliyev: “İran və Azərbaycan gömrükçüləri arasında birgə təlimlərin keçirilməsi nəzərdə tutulub”
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İran İslam Respublikası iqtisadiyyat və maliyyə işləri nazirinin müavini, Gömrük İdarəsinin prezidenti Masoud Karbasianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com-un məlumatına görə, görüşdən öncə qonaqlar Fəxri xiyabana gələrək ümummilli lideri Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüblər. Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət ediblər.
Dövlət Gömrük Komitəsində keçirilən görüşdə İran nümayəndə heyətini komitənin sədri Aydın Əliyev iki qonşu ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən DGK sədri bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. “Bununla kifayətlənməməli, səylərimizi daha da gücləndirməliyik” - deyən Aydın Əliyev iranlı həmkarının rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. O, həmçinin Azərbaycan və İran arasında yük maşınlarının, minik avtomobillərinin və piyadaların maneəsiz və tez müddətdə keçmələri üçün informasiya mübadiləsi aparılacağını deyib: “İki ölkə arasında qaçaqmalçılıq, narkotik maddələrin mübadilədən çıxarılması məsələləri də müzakirə olunub. İran və Azərbaycan gömrükçüləri arasında yaxın müddətdə birgə təlimlərin keçirilməsi nəzərdə tutulub”.
Qəbula görə Aydın Əliyevə təşəkkür edən Masoud Karbasian ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini, bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını bildirib. O, İranla Azərbaycan arasında sərhəd-gömrük məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsinin, həmçinin istirahət günlərində də sərhəd-gömrük məntəqələrinin işləməsinin müzakirə olunduğunu deyib: “İran tərəfi buna hazırdır. İki həftəyə artıq bunu həyata keçirmək mümkün olacaq. Biz azərbaycanlı həmkarlarımızın da bu məsələyə hazır olmağı gözəyirik”.
Masoud Karbasian qeyd edib ki, İranla Azərbaycan arasında yük maşınlarının daşıdıqları yükə görə vergi rüsumların azaldılması, minik avtomobillərinə sərhəd-keçid məntəqələrində tətbiq olunan sığorta haqlarının azaldılması məsələsi də müzakirə olunub.
Onun sözlərinə görə, Horadiz-Aslandüz sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı razılıq əldə olunub: “Azərbaycan və İran gömrükləri arasında əməkdaşlıq yaxşı səviyyədədir və göstərilən sahədə ikitərəfli münasibətlərin genişləndirilməsi üçün hər iki dövlətin rəhbərlərinin iradəsi var. Bunun təsdiqi kimi qeyd etmək olar ki, son səkkiz ay ərzində Azərbaycan və İran prezidentlərinin 4 görüşü keçirilib. Lakin ölkələr arasında qarşılıqlı münasibətləri daha yüksək səviyyəyə qaldırmaq mümkündür. Bunun üçün Biləsuvar və Astaradakı gömrük-buraxılış məntəqələrinin sutkalıq iş rejiminə keçmələri, gömrük orqanları arasında vahid informasiya sisteminin tətbiqi vacibdi. İran Prezidentinin Azərbaycana səfərinə qədər göstərilən məsələni həll etməkdən ötrü ən qısa müddətdə zəruri işləri görmək üçün səy göstərməliyik. İki ölkənin gömrük orqanları dövlətlər arasında münasibətlərin inkişafı üçün hər cür səy göstərməlidirlər.
Görüşdə yüklər və nəqliyyat vasitələri haqqında məlumat mübadiləsi, narkotik vasitələrin aşkar edilməsi və dövriyyədən çıxarılması, birgə fəaliyyət, birgə təlimlərin keçirilməsi məsələləri müzakirə edilib. Həmçinin tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gömrük administrasiyaları rəhbərlərinin növbəti iclasının keçirilməsində birgə əməkdaşlığı da müzakirə ediblər. Azərbaycan-İran əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Naibə QURBANOVA