“2020-ci ilin 4-cü rübündə Ermənistanın ümumi daxili məhsulu (ÜDM) 1 milyard dollar azala bilər”.
Teleqraf.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Rəşad Hüseynovun deyib.
O bildirib ki, 2020-ci ilin yanvar-avqust ayları ərzində Ermənistan iqtisadiyyatında 6,4 faizlik azalma qeydə alınıb: “Koronavirus pandemiyasına qarşı düyada ən uğursuz mübarizə aparan ölkələr siyahısında olan Ermənistanda cari ilin 8 ayı ərzində ixrac və idxalın həcmləri də azalıb və iqtisadi tənəzzül dərinləşib.
Ermənistanın Statistika Komitəsinin məlumatlarına görə, əvvəllər iqtisadi artımın hərəkətverici qüvvəsi olan sənaye, koronavirus böhranı fonunda staqnasiya ilə üzləşib. (İqtisadi inkişaf illik olaraq 2-3 %-dən az olarsa, staqnasiya vəziyyətidir - red). Bu ölkənin tikinti sektoru cari ilin 8 ayını 19,1%, ticarət - 11,5%, xidmətlər - 10,8% azalma ilə başa vurub. Ermənistan iqtisadiyyatını gözləyən ən böyük fəlakətin qarşıda olduğunu proqnozlaşdıra bilərik. Belə ki, cari ilin sentyabr ayının 27-də atəşkəsi pozaraq Azərbaycana təcavüz edən Ermənistan tərəfi ölkəmizin əks həmləsi ilə üzləşdi. Azərbaycan ordusunun torpaqları azad etmək və düşməni cəzalandırmaq üçün hərəkətə keçməsi Ermənistan üçün ciddi çağırışlara səbəb olub”.
Rəşad Hüseynov qeyd edib ki, təmsil etdiyi mərkəzin hesablamalarına görə, Ermənistanın itirdiyi hərbi texnika və sursatın dəyəri 2 milyard ABŞ dollarından çoxdur: “Amma bu ölkənin itkiləri təkcə hərbi texnika və döyüş sursatı ilə bitmir. Mühribənin davam etməsi Ermənistan iqtisadiyyatının da itkilərini artırır. Verilən məlumata görə, işğalçı dövlətdə səfərbərlik elan edilmiş və vətəndaşların orduya cəlbi prosesi başlayıb. Hətta ilkin məlumata görə, 210 min vətəndaşını səfərbər edərək Azərbaycanın işğal olunan ərazilərinə göndərməyə çalışır. Nəzərə alsaq ki, Ermənistanda 913 min nəfər iqtisadi fəal əhali var, deməli onun 23 faizini işdən ayrılaraq müharibəyə getməsi deməkdir. Yəni səfərbər olunan şəxlər işləmirlər və əlavə dəyər yaratmırlar. Nəticədə 2020-ci ilin 4-cü rübü ərzində Ermənistanda ÜDM-in azalması daha da sürətlənəcəkdir.
Proseslərin belə davamı bu ölkənin növbəti ili də ressesiya ilə başa vuracağı ehtimalını artırır. Qeyd edək ki, 2019-cu ildə Ermənistanın ÜDM-i 6569 milyard dram və ya təxminən 13,7 milyard ABŞ dolları olmuşdu. Bu ölkənin statistikasının məlumatına görə ÜDM-in 30,4 faizi və ya 1998,7 milyard dramı (4,2 milyard ABŞ dolları) 4-cü rübün payına düşür”.
Analitik vuröulayıbki, hazırda davam edən müharibənin təsiri ilə cari ilin 4-cü rübdən Ermənistan ÜDM-nin ciddi azalacığı proqnozlaşdırılır: “İlkin hesablamalarımıza görə, Ermənistan 210 min vətəndaşını səfərbər edərək müharibəyə göndərdiyi təqdirə, 2020-ci ilin 4-cü rübü ərzində bu ölkədə gündəlik ÜDM-i 10,7 milyon ABŞ dolları və ya rüb ərzində 1 milyard ABŞ dolları dəyərində azala bilər. Onu da qeyd edək ki, mühribə dayandığı təqdirdə də istehsalatdan ayrılaraq, orduya cəlb edilən vətəndaşların yenidən istehsalata qaytarılması xeyli vaxt alacaq. Dayandırılan istehsalatın bərpası isə yeni problemlərlə - müştərilərini itirməsi və s. ilə üzləşəcək.
Ən yaxşı ssenari üzrə hesablamalarımız isə göstərir ki, iqtisadi sektorlar üzrə işçi qüvvəsinin itirilməsi və uyğun olaraq da kapitalın azalması fonunda Ermənistan iqtisadiyyatının istehsal gücü zəifləyəcək. Bunun nəticəsi olaraq Ermənistanda gündəlik yaranan ÜDM-in işğalçı müharibə səbəbi ilə 3,4 milyon ABŞ dolları azalacaq. Ən pis ssenari üzrə hesbalamalar isə Ermənistanda vəziyyətin daha acınacaqlı olacağını göstərir. Göründüyü kimi iki ssenari (yaxşı və orta) üzrə hesablamalar göstərir ki, bütün hallarda mühaibə Ermənistan iqtisadiyyatının çöküşünə səbəb olacaq. Proqnozumuza görə, müharibənin iki həftəsi ərzində ümumilikdə Ermənistanda ÜDM-in 47,6-149,8 milyon ABŞ dolları arasında azalmanın baş verəcək”.
Rəşad Hüseynovun qənaətincə, mövcud hadisələr fonunda Ermənistanda ixracında da azalma qaçınılmaz olacaq: “Cari ilin 8 ayı ərzində Ermənistan cəmi 1,57 milyard ABŞ dolları dəyərində ixrac həyata keçirib və ixracı 6 faiz azalıb. Nəzərə alaq ki, Ermənistanın ixracyönümlü mədən sənayesində işlərin dayandırılması ilə bağlı məlumatlar gəlməkdədir. Bu isə ondan xəbər verir ki, işğalçı müharibə eyni zamanda ixracın da azalması prosesinin sürətləndirilməsi ilə müşayət olunacaq və bunun nəticəsində Ermənistanın ticarət balansında kəsir daha da böyüyəcək.
Digər tərəfdən yerli istehsalın azalması məhdud valyuta resursları olan Ermənistanı xüsusən də ərzaq məhsullarının idxalını artırmağa məcbur edəcək.
Əgər Ermənistan işğalçı siyasətindən əl çəkməyərək daha uzun müddətli müharibəyə can atarsa, bunun iqtisadi təsirləri bu ölkə üçün daha ağır olacaq. Ermənistan 2020-ci illə yanaşı, 2021-ci ildə də ciddi iqtisadi çətinliklərlə üzləşəcək. Nəticədə koronavirus pandemiyasının və müharibənin şiddətlənməsi ilə bu itkiləri daha da arta bilər. Bu isə Ermənistanda əhalinin daha sürətlə yoxsullaşmasına və dövlətin iflasına səbəb olacaq”.