“Qarabağda həyata keçiriləcək layihələr bizi qorxutmamalıdır. Bu xərcin böyük bir hissəsinin həm iqtisadiyyata, həm büdcəyə, həm də əhalinin rifahının yüksəlməsinə qatqısı olacaq”.
Bunu Teleqraf.com-a iqtisadçı-ekspert Elman Sadıqov deyib.
İqtisadçı bildirib ki, Qarabağda quruculuq işlərini üç əsas mərhələyə bölmək olar:
“Birinci mərhələdə bölgə minalardan təmizlənməlidir. Hərbçilər hansı ərazilərin minalardan təmizlənməsinə dair müsbət cavab versələr, o yerlərdə infrastruktur işlərinə başlana bilər. İkinci mərhələdə işlər çoxşaxəlidir. Buraya zəruri tədbirlər - yolların, suyun, elektrik enerjisinin, mavi yanacağın, eləcə də rabitə xətlərinin çəkilməsi, qəsəbələrin abadlaşdırılması, yaşayış məskənlərində məktəblərin, bağçaların, xəstəxanaların və digər inzibati binaların tikilməsi və s. daxildir. Əlbəttə, infrastruktur layihələrini dövlət həyata keçirir. Hesab edirəm ki, ikinci mərhələdə zəruri infrastruktur layihələri oradakı məskunlaşmadan asılı olaraq həyata keçiriləcək. Ərazilər minalardan təmizlənəndən sonra 2021-il üçün dövlətin üzərinə çox iş düşür. Üçüncü mərhələdə isə biznesin və iqtisadiyyatın inkişafı gəlir”.
Elman Sadıqov 2021-ci ilin büdcə müzakirələrinin gecikdiyinə diqqət çəkib: “Hesab edirəm ki, Qarabağda hansı infrastruktur layihələrinin həyata keçirilməsi və həmin layihələrin maliyyə dəyəri hesablandığı üçün büdcə müzakirələri gecikir. Çünki hələlik hansı səviyyədə məskunlaşmanın olacağı bəlli deyil.
Kənd təsərrüfatı üçün orada məskunlaşmağa o qədər də ehtiyac yoxdur. Çünki orada becərilən məhsullar bütün respublikaya satılacaq. Bu baxımdan məskunlaşmada nisbətən az asılı olan sahə kənd təsərrüfatıdır.
Bu ərazilərdə ticarət sahələri, emal müəssisələrinin açılması, eləcə də məktəblərin, bağçaların neçə yerlik olması da məskunlaşmanın həcmindən asılı olacaq.
Bundan əlavə, pandemiyanın hələlik nə vaxt bitəcəyi bəlli olmadığı üçün hesab edirəm ki, turizm kimi layihələr də bir az ləngiyə bilər. 2021-ci il hökumətin zəruri tələb olunan infrastruktur layihələrini həyata keçirdiyi il kimi yadda qalacaq. Burada kommunal xidmətlərlə yanaşı, ilkin maliyyə xidmətlərinin təşkilini də nəzərdə tutmaq olar. Həmin ərazilərdə böyük məskunlaşma olmasa da, əsgərlərimiz xidmət göstərir.
Düşünürəm ki, 2021-ci ildə işğaldan azad olunmuş rayonlarda məskunlaşmanın nəzərdə tutulması bir qədər tezdir. Qənaətimcə, məskunlaşma dağınıq şəkildə olarsa, effekt verməz. Bunlar da çox önəmli məsələdir”.
İnfrastruktur layihələrə büdcədən nə qədər vəsaitin ayrılmasına gəlincə, ekspert bunun hökumətin hesablamalarından asılı olacağını deyib: “O ərazilərdə görülən işin həcminə müvafiq olaraq büdcədən vəsait ayrılacaq. Burada nə tələskənliyə, nə də gecikməyə yol vermək olar. Operativlik və tələskənlik fərqli amillərdir. Tələskənliyə yol vermədən düşünülmüş və əsaslandırılmış layihələr əsasında operativ işlər qurulmalıdır”.
Elman Sadıqov razılaşma yolu ilə Ermənistan silahlı qüvvələrinin 3 rayondan çıxarılması məsələsindən narahatlığını da bildirib: “Ağdam, Kəlbəcər və Laçın rayonlarında ehtiyatlı mövqe tutmaq lazımdır. Hələ Ermənistan tərəfinin xahişi ilə Kəlbəcərin boşaldılması üçün 10 gün əlavə vaxt verildi. Bu üç rayonun minalanması digər rayonlara nisbətən daha yüksək səviyyədədir. Onlar verilən müddətdən istifadə edib qisas almaq üçün müəyyən “sürprizlər” qoya bilər. Bu da həmin üç rayonun minalardan təmizlənmə işlərinin daha uzun vaxt aparacağını deməyə əsas verir”.
Analitik hesab edir ki, Qarabağda təmir və əsaslı quruculuq işlərinə start verilməsi dövlət büdcəsinə əlavə təzyiq yarada bilməz: “Sistemə və iqtisadi düşüncə tərzinə çox inanıram. Əgər həyata keçirilən bir layihədə iqtisadi düşüncə tərzi üstünlük təşkil edəcəksə, nə qədər xərci olsa da, həmin layihə əvvəl-axır özünü doğruldub rentabelli olacaq.
Tutaq ki, bir körpü tikilir. Əgər orada düzgün iqtisadi düşüncə, layihələndirmə işlərini düzgün apara bilsək, həmin körpünün iqtisadiyyata müəyyən qatqısı olacaq. Sözügedən layihədə başqa yanaşmalar varsa, bu halda o körpünün xeyri olmayacaq, əksinə yük olacaq. Burada şəffaflıq və qeyri-şəffaflıqdan söhbət getmir. Azərbaycanda ən çox çatışmayan məsələ görülən işin digər işlərlə simbioz təşkil etməməsidir.
Bəli, işğaldan azad olunmuş rayonlarda qısamüddətli dövrdə müəyyən vəsait xərclənəcək, amma o vəsaitlərin iqtisadi dəyəri olacaq. Çünki xərclənən manat ölkədən çıxmır, sonrakı mərhələdə daha çox məhsul və xidmətlərin istehlakına yönəlir. Dolayısilə bir layihəyə xərclənən pulların hamısı xərc deyil, müəyyən hissəsi isə gəlir şəklində büdcəyə qayıdır.
Tutaq ki, 100 milyon manat dəyərində layihə həyata keçirilməlidir. Sahibkar bu zaman işçinin əməkhaqqısını verir, qazandığı vəsaitdən dövlət büdcəsinə gəlir vergisi keçirir, aldığı məhsuldan əlavə dəyər vergisi (ƏDV) ödəyir və sair. Yəni layihənin icrasına nəzərdə tutulmuş 100 milyon manatın 25-30 milyonu büdcəyə vergi şəklində geri qayıdır. Yerdə qalan 65-70 milyon isə tikinti məhsullarının istehsalına, eləcə də ümumi daxili məhsulun (ÜDM) artmasına yönəlir. Nəticədə tələb artdığı üçün tikinti materialları istehsal edən şirkətlərin də gəliri artır və əlavə gəlir vergisi ödəyir. Bəzən bir ölkə 100 milyonluq layihəni həyata keçirər, orada xalis xərci 5 milyon olar, başqa bir ölkə eyni layihəni icra edər 5 milyon xeyri olar, bir ölkə də həmin layihədən 50 milyon zərər edər”.
Elman Sadıqovun müşahidələrinə əsasən, hazırda İqtisadiyyat Nazirliyi bir çox məsələlərdə şəffaflığa çox diqqət yetirir: “Əlbəttə, hər şeyi ideallaşdırmıram. Azərbaycanda nəyisə nə ağ görürəm, nə də ki, qara. Əvvəlki illərdəki kimi neftin 100 dollar olmadığını, neft istehsalının aşağı düşdüyünü nəzərə alaraq ölkəmizin hər bir qəpiyini daha səmərəli istifadə edəcəyi önəmlidir. Bu zaman büdcəyə yük düşməyəcək. Büdcədən bu layihələrə 3-4 milyard xərcləməyə gücümüz çatar”.