6 Yanvar 2021 14:50
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Aİ-92 avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri üzrə tarif tənzimlənməsi aparılıb və 5 yanvar tarixindən yeni tariflər tətbiq edilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Teleqraf.com-a bildirilib ki, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq.

Tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlərin intensivliyi gücləndirilib.

Dövlət Xidməti sahibkarların nəzərinə çatdırır ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək. Bu hallar üzrə cinayət tərkibli əlamətlər müəyyən olunduqda isə toplanmış materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndəriləcək.

İstehlakçılar istehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər (tel:498-15-01, 498-15-04).


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər