Dünyanın neft ticarəti və təhlili sahəsində nüfuzu olan qurumlar neftin qiymətinin daha bir artım dövrünün başlana biləcəyini iddia edirlər. “Goldman Sachs” bankı və “JPMorgan” şirkətinin nümayəndələri bildiriblər ki, neftin bir barreli 80-100 dollara çatacaq.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Teleqraf.com-a bildirib ki, istər Amerika banklarının, istərsə də dünyanın digər aparıcı banklarının neftin qiyməti ilə bağlı proqnozları 40-50 faizi xətalı olur:
“Amerika Enerji Administrasiyası açıqlayır ki, neftin qiymətinin 195 dollara qədər artmasını gözləyirlər, ancaq 2040-2050-ci illərdə. Bunu mən də deyə bilərəm. Rusiyanın energetika naziri Aleksandır Novak çıxışında dedi ki, neftin qiyməti 45-65 dollar arasında olacaq. Bu qiyməti istənilən adamdan soruşsaq o da deyər. 50 faiz xəta olar?! Xəta uzaqbaşı 5 faiz ola bilər.
Bəzi proqnozlara görə, neftin qiymətin 100-200 dollar arasında olacaq. Pozitiv ruhda olanlarla yanaşı, neqativ düşünənlər də var. Bəzən neftin qiymətinin 20-30 dollara qədər enə biləcəyi yöndə proqnozlar da rast gəlmək olur. Hərənin öz mülahizəsi var.
Ümumiyyətlə, enerji bazarları üzrə uzunmüddətli proqnoz vermək doğru deyil. Ən məqbul proqnoz bir həftəlikdir. Bu müddəti keçəndən sonra kim necə istəyir yoza bilər”.
Gündəlik tələbat nə qədər olsa, qiymətlərdə artım ola bilər?
Analitik deyir ki, 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində gündəlik istehlak 99 milyon barel olub: “Hazırda gündəlik istehlak 92-93 milyon bareldir. Ancaq OPEC ilin sonuna 96 milyon barel hasilat gözləyir, buna uyğun da tələbat...
2019-cu ilin səviyyəsinə hələ 2021-ci ildə çatmaq mümkün olmayacaq. Hətta qeyd edirlər ki, heç 2022-ci ildə də olmayacaq. Ancaq 2023-cü ildə 2019-cu ilin səviyyəsinə çatmaq mümkün ola bilər”.
İlham Şabanın qənaətincə, OPEC neftin qiymətinin artmasında həlledici rol oynamır: “OPEC çox qərar verə bilər. Ancaq hər həftə neftin qiymətinin korreksiya edilməsində enerji bazarına təsir göstərən amil Amerikadakı neft ehtiyatları və neft hasilatıdır. Çünki dünyanın bir nömrəli hasilatçısı və istehlakçısıdır. Bu məsələdə ABŞ-ın yeri bəzən Çinlə dəyişir.
Bu baxımdan Çin amilini də unutmaq olmaz. OPEC əsasən 70-80, o cümlədən 90-cı illərdə bazara çox güclü təsir etmək imkanına malik olub. Ancaq XXI əsir başlayandan OPEC-in təsirləri getdikcə azalıb və o heç zaman hegemon rola malik olmayıb”.