"Fitch" reytinq agentliyinin hesabatına əsasən, Azərbaycanın neft ehtiyatları ölkəyə 25 il kifayət edəcək.
Teleqraf.com xəbər verir ki, Beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə bu yanaşmanı doğru hesab etmir.
O bildirib ki, Azərbaycanın neft ehtiyatları BP-nin 2007-ci il hesabatlarında 7 milyard barel olaraq göstərilib, 2019-cu ildə də eyni səviyyədə qalıb: “Əslində, bu illər ərzində Azərbaycan 5 milyard barel ətrafında neft hasil edib. Normalda ehtiyatlar 2 milyard barelə düşməli idi.
Ancaq təsdiqlənmiş neft ehtiyatları hələ də 7 milyard bareldir. Məsələn, 1994-cü ildə Əsrin müqaviləsi imzalandıqda Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda 510 milyon ton neft ehtiyatının olduğu qeyd edilirdi. İndiyə qədər AÇG-dən 520 milyon tondan çox neft hasil edilib və bundan sonra ən az 500 milyon ton daha neftin hasil ediləcəyi gözlənilir.
Ona görə “Fitch” agentliyinin yanaşması doğru deyil. Çünki Azərbaycanın kifayət qədər geniş neft potensialı mövcuddur və çıxarıla bilən neft ehtiyatları ildən-ilə artır”.