Hazırlıq işləri davam edən və Türkiyənin meqalayihələri arasında olan "Kanal İstanbul" iqtisadiyyata hər il 1 milyard dollar fayda verəcək.
Teleqraf.com-un xəbərinə görə, 11 milyard dollarlıq sərmayə qoyulan layihədə 10 min nəfərin məşğulluğu təmin olacaq.
İldə 43 min gəminin keçməsi planlaşdırılan Kanalın gəliri ikiqat artacaq. Mövcud vəziyyətdə Boğazdan keçən gəmilərin mayak, xilasetmə və sağlamlıq xərcləri, yerdəyişmə və pilotluq xidmətləri üçün ödədikləri ödənişlər "Kanal İstanbul"un gəlir qapısı olacaq.
Böyük gəmilər Boğazda ortalama 14,5 saat gözləməli olurlar. Bu müddət bəzən 4 günə qədər uzanır. Məlumatlara görə, tankerlərin gözləmələr səbəbindən iqtisadi itkiləri milyonlarla dollara çatır.
Uzunluğu 200 metrdən çox olan tankerlərin gündəlik kirayə itkisi orta hesabla 120 min dollara çatır. Gəmilərin gözləmə xərclərini də nəzərə alanda "Kanal İstanbul"u keçən gəmilərə böyük üstünlük təşkil edir. Sürətli və etibarlı tranzit sayəsində bir çox gəmilər "Kanal İstanbul"dan gözləmədən də keçə biləcək. Bu da Kanalın gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq.
"Kanal İstanbul"un keçəcəyi marşrutun ümumi sahəsi 152 milyon kvadrat metrdir. Bu sahənin 37,5 milyon kvadratmetri su yolu üçün istifadə ediləcək.