Azərbaycan nefti 66 dollara qədər bahalaşıb. Neftin qiymətində müşahidə olunan artım tendensiyası "qara qızıl"ın çətin dövrlərinin geridə qaldığını deməyə əsas verir.
Hazırda Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,39 dollar, yaxud 3,76 faiz artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,92 ABŞ dolları təşkil edib.
Maraqlıdır, bazara təsir edən müsbət impulslar nədir? Bahalaşma hansı həddə qədər davam də bilər?
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Teleqraf.com-a bir neçə gün əvvəl həm OPEC katibliyinin, həm də Beynəlxalq Enerji Agentliyinin aprel ayını əhatə edən neft hesabatı təqdim etdiyini bildirib:
“Həmin hesabata istinad etsək görərik ki, cari ilin birinci, ikinci və üçüncü rüblərində, hətta ilin sonunda da neftə tələbatda dinamika müşahidə olunacaq. Hər iki təşkilatın proqnozlarına istinad etsək deyə bilərik ki, bu il neftə olan tələbat keçən illə müqayisədə ortalama 6 milyon barel çox təşkil edəcək. Yəni 2021-ci ildə gündəlik qlobal neftə olan tələbat ortalama 96,5 milyon barel olacaq. Ötən il bu hədd təxminən 91 milyon barel idi.
Hər iki təşkilatın hesabatına əsasən, xüsusilə dördüncü rübdə dünyanın gündəlik neftə olan tələbatı pandemiyadan əvvəlki səviyyəyə enəcək, yəni 99,4 milyon barelə. Pandemiyadan əvvəlki tələbatdan təxminən 500 min barel aşağı olacaq. Amma bu, çox yüksək göstəricidir.
Hazırda Asiya bazarlarında, xüsusilə Yaponiya, Cənubi Koreya, Çində neftə olan tələbatın artdığı müşahidə olunur. Son üç ayın Çinin gündəlik idxal həcmləri fevral, mart, aprel ayları ərzində 11,7 milyon barel civarında olub. Eyni məqamı Yaponiya və Cənubi Koreyaya da şamil etmək olar”.
Ekspertin müşahidələrinə əsasən, neftə tələbat əsasən Avropa bazarlarında azalıb: “Bir neçə neft emalı zavodu (NEZ) ya qismən, ya da ümumiyyətlə, fəaliyyətini dayandırıb. Bütün bunlara baxmayaraq qarşıdakı aylarda neftə tələbatda dinamiklik müşahidə ediləcək.
Yeddi aydır İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərdə neft və neft məhsullarının ehtiyatında azalmalar var. Bu, müsbət haldır, adıçəkilən məhsulların qiymətinə birbaşa təsir edən amildir. Düşünürəm ki, neftin qiyməti bir çox hallarda dünyanın səhiyyə sistemindəki vəziyyətə bağlıdır. Əgər karantin tədbirləri yumşalarsa, hesab edirəm ki, qarşıdakı aylarda neftə olan tələbat artar”.
Zəfər Vəliyev deyir ki, Azərbaycan nefti əsasən Aralıq dənizi bazarlarında satılır: “Tərkibi yüngül olan “Azeri Light” markalı neftindən yüksək keyfiyyətli təyyarə, avtomobil yanacaqları emal olunur. Əgər Avropada neft məhsullarına olan tələbatda dinamika müşahidə olunarsa, təbii ki, Azərbaycan neftinə də tələbat artacaq.
Əvvəlki aylarla müqayisədə Azərbaycan neftinin satış qiymətlərində bir qədər dəyişikliklər olub. Üç-dörd ay əvvəl “Azeri Light” markalı neft Brend etalon markaya bağlanan qiymət əsasında premiya hər bareldə 200 dollar 50 sentə satılırdı. İndi qiymət aşağı düşüb, hər bareli premiya ilə 97 sentə satılır. Amma bu o demək deyil ki, tələbat aşağı düşüb. Qarşıdakı aylarda NEZ-də yüngül neftə tələbat artacaq. Bu baxımdan həm yüngül, həm ağır, həm də orta-ağır neftin qiymətlərini təhdid altına alan heç bir faktor yoxdur”.
Analitik hesab edir ki, OPEC və müttəfiq dövlətlər qiymət sabitliyinə nail olublar: “İndi qiymətlər 55-60 dollar arasında tənzimlənməlidir. Qiymətlər bu dəhlizdə olarsa, neftə olan tələbatda ciddi problem yaranmayacaq. 2021-ci ildə neft qiymətinin təhlükəli səviyyəyə düşmək şansı demək olar ki, yoxdur. İlin sonuna qədər neftə olan tələbatda kifayət qədər artım olacaq. Hesab edirəm ki, 2022-ci ildə də bazar tənzimlənməlidir. Çünki pandemiyanın nəticələri tam aradan qaldırılmayıb”.