“Pandemiya səbəbindən karantin rejimin tətbiqinə başlanıldıqdan sonra ilk dəfə Azərbaycanda iqtisadi artım qeydə alınıb”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
İqtisadçı Dövlət Statistika Komitəsinə istinadən bildirib ki, bu ilin ilk 5 ayında 31 milyard 532 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur: “Qeyd edək ki, pandemiyanın təsirlərindən ötən il Azərbaycanda ÜDM istehsalı 4.3 faiz azalmışdı. Bu ilin ilk ayında isə iqtisadiyyatımız 2.5, ilk 2 ayında 3.2, birinci rübdə 1.3 və nəhayət yanvar-aprel aylarında 0.2 faiz azalmışdı. Göründüyü kimi, ötən ildən başlanan azalma tempi may ayının yekunlarında artımla əvəz olunub.
Bu ilin ilk 5 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artmışdı. Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi həmçinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və bir sıra yumşalmalara gedilməsi ilə bağlıdır. Son 5 ayda Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin tədbirlərinə getmədən, əksinə real sektordakı bir sıra məhdudiyyətləri aradan qaldırmaqla yoluxma sayını optimallaşdıra bilməsi təqdirəlayiq haldır. Xüsusən nəzərə almaq lazımdır, əksər ölkələr, o cümlədən qardaş Türkiyə yaz aylarında sərt karantin tətbiq etmək məcburiyyətində qaldılar”.
Millət vəkili bu gündən iqtisadiyyatda yeni açılımların tətbiq olunduğunu da vurğulayıb: “Xüsusən də, turizm və ticarət sektorlarında iqtisadi aktivliyin yüksələcəyi gözlənilir. Turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur. 2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2.7 milyard dollardan çox olub.
Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də, turizm sektorundakı açılımlar məşğulluğun təmin edilməsi baxımdan da vacib hesab olunur. Bu baxımdan, vaksinasiya prosesini sürətləndirən və virus sayını lokallaşdıra bilən ölkələrlə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu real sektordakı canlanmaya xüsusi təkan verə bilər.
Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı, məşğulluğun təmini baxımdan da vacibdir. Bu kontekstdən yoluxma sayının azalması davam edərsə, real sektordakı digər məhdudiyyətlərin də mərhələli şəkildə aradan qaldırılacağı istisna edilmir”.