8 İyul 2021 15:53
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haqsız rəqabət halları ilə mübarizədə sahibkarlıq subyektlərinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əməkdaşlığı bazarda ədalət prinsipinin bərqərar olmasında xüsusi əhəmiyyət kəsb edir.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu əməkdaşlığın nümunəsi olaraq, çatdırılma xidmətləri bazarında fəaliyyət göstərən "Volt Azərbaycan" MMC qısa müddət ərzində Dövlət Xidmətinin göstərişlərini yerinə yetirməklə yanaşı, haqsız rəqabətə səbəb olan müqavilə şərtlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırıb.

Şirkətin Dövlət Xidmətinə ünvanladığı müraciətində gələcəkdə bu cür hallarla qarşılaşmamaq məqsədilə partnyorlarla münasibətləri bir daha nəzərdən keçirəcəyi, qanunvericiliyə uyğun olmasına daha çox diqqət yetirəcəyi vurğulanıb.

Dövlət Xidməti rəqabət sahəsində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən qurum olaraq bazar iştirakçıları ilə dialoq üçün həmişə açıqdır və bütün sahibkarları əməkdaşlığa dəvət edir. Məqsəd haqsız rəqabət hallarına qarşı sahibkarlarla birgə mübarizə aparmaqla, bazarın bütün iştirakçıları üçün ədalətli mühitin yaradılması və bir rəqibin digərləri üzərində əsassız üstünlük qazanması hallarının qarşısının alınmasıdır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər