9 Sentyabr 2021 14:49
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya birjalarında neft bahalaşır. "Azeri LT CIF" markalı xam neftin son qiyməti 73,12 ABŞ dolları təşkil edib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 72,62 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin qiyməti isə 69,22 dollara satılıb.

Enerji sektoru üzrə mütəxəssis Zəfər Vəliyev Teleqraf.com-a bildirib ki, hazırkı neft qiymətləri həm hasilatçı, həm də istehlakçı dövlətlər üçün komfortlu hesab olunur: “Neftin qiyməti 65-75 dollar aralığında tənzimlənərsə, bazarda tələb-təklif balansını qoruyub saxlamaq olar.

Mövcud qiymətlər noyabr müqaviləsini əhatə edir. Qiymətlərin artması onu deməyə əsas verir ki, ilin sonuna kimi ciddi enişlər olmayacaq. Çünki OPEC və müttəfiq dövlətlərin bütün cəhdləri bazarda tələb-təklif balansını qoruyub saxlamaqdır. Əslində, başqa alternativ də yoxdur. Çünki hazırda həm xam neftə, həm də neft məhsullarına olan tələbat pandemiyadan əvvəlki səviyyəyə çatmayıb.

Bu baxımdan bazarın tənzimlənməsinə ehtiyac var. Hesab edirəm ki, OPEC və müttəfiq dövlətlərin neft bazarlarını tənzimləməsi 2021-ci illə məhdudlaşmayacaq. Proses növbəti illərdə də davam edəcək. Çünki ənənəvi enerji mənbələrinə rəqib olan alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı çox ciddi addımlar atılır və bu sahədə beynəlxalq bir iradə də var”.

Analitik hesab edir ki, növbəti ildə neftin büdcə qiymətini artırmaq düzgün addım olmaz: “Neft bazarlarına aqressiv təsir edəcək kifayət qədər faktorlar var. Venesuela, İran yenidən neft bazarlarına qayıda və indiki qiymətlər fonunda ABŞ-ın neft hasilatında artımlar müşahidə edilə bilər. Qarşıdakı illərdə neft bazarları daim təhdid altında olacaq.

Təbii ki, uzun perspektivi proqnozlaşdırmaq bir qədər çətindir. Ona görə də dövlət büdcəsində neftin baza xəttini yüksəltmək doğru olmazdı. Əksər neft şirkətləri də növbəti il büdcələri ilə bağlı neftin baza xəttini artırıblar”.

Zəfər Vəliyev deyir ki, Azərbaycanda hasilat azalan istiqamətdə gedir: “2009-2010-cu ildən sonra ölkəmizin yataqlarındakı pik hasilat dövrü arxada qalıb. Bu dövrlərdə Azərbaycanda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan, ARDNF-nun aktivində olan yataqlardan, o cümlədən Fondun xarici tərəfdaşları ilə birgə yaratdığı əməliyyat şirkətlərinin birlikdə hasil etdiyi neft 50 milyon ton olub.

Hasilat getdikcə azalmaqda davam edəcək. Əgər “Dostluq” yatağında, Abşeron yarımadasının dayazsulu hissəsində hasilat işləri başlayarsa, müəyyən müddət ərzində ölkəmizdə neft hasilatını sabit saxlamaq olar.

2050-ci ilə qədər Azərbaycanın neft hasilatında yüksək rəqəmlərə şahid olmayacağıq. Demək olar ki, rentabelli quru yataqlar qalmayıb. Alternativ olaraq qaz hasilatında artımlar müşahidə olunacaq ki, ölkənin enerji təhülkəsizliyi təmin edilməsində bu tendensiyadan istifadə ediləcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər