21 Sentyabr 2021 18:31
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarlarında təbii qazın qiyməti artıb. Niderlandın TTF habında oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1000 m3 üçün 940 ABŞ dolları təşkil edib. Avropada yaşanan enerji böhranı səbəbiylə Norveç ittifaqa üzv ölkələrə ixrac etdiyi təbii qazın miqdarını artıracağını bildirib. Buna görə Norveç enerji şirkəti “Equinor”a oktyabrın 1-dən etibarən təbii qaz ixracatını 2 milyard kubmetr artırmasına icazə verib. Bu artım Norveçin illik təbii qaz ixracatının təxminən 2 faizinə bərabərdir.

Beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru, enerji eksperti Emin Axundzadə Teleqraf.com-a təbii qaz bazarında yaranan böhranı şərh edib.

O, gərginliyin bir neçə səbəbdən qaynaqlandığını bildirib: “2020-ci ilin əvvəlləri qiymətlərdə kəskin azalma müşahidə olundu. Bunun əsas səbəbi tələbatın azalması idi. Çünki qlobal miqyasda karantin məhdudiyyətləri tətbiq olundu, sənaye müəssisələrinin fəaliyyəti azaldı. Aydındır ki, təbii qaz sənayedə xammal kimi də istifadə olunur.

Digər tərəfdən, elektrik enerjisinin istehsalı və istehlakı azaldığı üçün təbii qaza olan tələb böyük olmadı. Pandemiyadan əvvəl isə bütün proqnozlar göstərirdi ki, təbii qaza olan tələbat növbəti illərdə artmağa davam edəcək.

Hazırda qlobal miqyasda iqtisadi aktivlik müşahidə edilir. Artıq dövlətlər sərt karantin rejimlərini yumşaltmağa başlayıb, yoluxma sayı artsa da, ölkələr pandemiya ilə yaşamağı öyrəniblər. Bu da öz növbəsində sənaye müəssisələrində aktivliyi gücləndirir. Pandemiyadan sonra yaranan bütün bu aktivliklər təbii qaza olan tələbatı artırdı.

Ötən il Avropada qış çox sərt keçdi. Bu da yeraltı qaz anbarlarında saxlanılan qaz həcmlərinin sürətli şəkildə azalması ilə nəticələndi. Hazırda Avropada yeraltı qaz anbarlarının doluluq səviyyəsinə baxsaq, son 5 ilin ortalama göstəricisindən 16 faiz aşağıdır. Sentyabr ayı olmasına baxmayaraq, bu, həddindən artıq aşağı səviyyə qəbul edilir. Yeraltı qaz anbarlarına qaz əsasən yay fəslində doldurulur. Qışda tələbat pik həddə çatdığı zaman yeraltı qaz anbarlarından istifadə olunur.

Bir tərəfdən yeraltı qaz anbarlarının doluluq səviyyəsi aşağıdır, digər tərəfdən qış yaxınlaşır. Bu da təbii olaraq bazarda bir narahatlıq yaradır.

Avropanın əsas problemlərindən biri də İttifaqa daxil olan ölkələrin hasilatının kəskin azalmasıdır. Hazırda Avropanın elə bir ölkəsi yoxdur ki, onun hasilatında artım qeydə alınsın. Proqnozlara əsasən, 2022-ci ilin ortalarına doğru Avropanın ən böyük təbii qaz yatağı olan “Groningen”də hasilat tamamilə dayana bilər. Təkcə 2020-ci ildə Avropanın hasilatı 22 faiz azalıb. Digər tərəfdən, tələbatın çoxalması Avropanın idxaldan asılılığını artırır. Yəni bu bazara daha çox təbii qaz təchiz olunmalıdır ki, ehtiyacları qarşılansın”.

Analitikin müşahidələrinə əsasən, son dövrlərdə Rusiyadan Avropaya idxal edilən təbii qaz həcmlərində azalmalar müşahidə edilir: “Qazprom” oktyabr ayı üçün Ukrayna üzərindən keçəcək təbii qaza hər hansı rezerv etməyib. Bu da bazarda müəyyən qədər təchizat boşluğu yaradır. Son illərdə Rusiya maye təbii qaz (LNG) bazarında aktiv rol oynamağa başlayıb. Əsasən Çinə, o cümlədən Uzaq Şərq bazarlarına LNG təchizatnı artırıb. Digər tərəfdən, Uzaq Şərq bazarı Avropanın ənənəvi LNG təchizatçılarına da cazibəli gəlməyə başlayıb.

Hazırda Avropada təbii qazın 1000 kubmetri 940 dollar civarındadır. Proqnozlar göstərir ki, qış sərt keçərsə, Avropada təbii qazın 1000 kubmetri, hətta 1500 dolları keçə bilər”.

Emin Axundzadə son dövrlərdə Azərbaycanın təbii qaz hasilatında kəskin artımın olduğunu deyib: “Azərbaycanın təbii qaz baxımından problemi yoxdur. Yəni ölkəmiz həm daxili bazarı tam təchiz edə bilir, həm də xarici ölkələrə ixrac edir. Hazırda bazarlarda müşahidə edilən qiymət artımı spot bazarlarda olan artımlardır. Yəni Avropada uzunmüddətli müqavilələr əsasında olan təbii qaz qiymətlərində hər hansı bir artım yoxdur. Bu qiymətlər əsasən neftə indeksli olaraq müəyyənləşir.

Azərbaycanda isə qiymətlər dövlət tərəfindən tənzimlənir. Bu baxımdan, Avropadakı qiymət artımının Azərbaycanın daxili bazarına təsir göstərəcəyi düşünülmür. Avropadakı qiymət artımları gələcəkdə Azərbaycanın TANAP və TAP kimi strateji layihələrinin əhəmiyyətini daha da böyüdür. Doğrudur, Azərbaycanın Avropaya və Türkiyəyə satdığı enerjinin qiymətləri əsasən uzunmüddətli müqavilələr əsasında və neft qiymətlərinə indeksli olaraq müəyyənləşir.

Ötən il spot bazarlardakı qiymətlər kəskin aşağı düşdüyü zaman Avropada yeni bir trend ortaya çıxdı. Yəni uzunmüddətli və neftə indeksli olan müqavilələr əvəzinə, qazın qazla rəqabət edəcəyi müqavilələrə üstünlük verilməyə başlandı. Bu zaman spot bazarlardakı qiymətlər baza olaraq götürülürdü. Hətta Avropanın bəzi ölkələri bu müqavilələrə getdi. Hazırkı qiymət səviyyəsi onu göstərir ki, spot bazarlardakı kəskin artımlar idxalçı ölkələr üçün ciddi risk meydana gətirir. Bu da uzunmüddətli və neftə indeksə olunan müqavilələrin nə qədər əhəmiyyətli olduğunu bir daha ortaya qoyur”.

Müsahibimizin sözlərinə görə, bu gün Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri də, TANAP-la TAP-ın ötürücülük qabiliyyətini artırmaqdır: “Qeyd edim ki, layihə çərçivəsində ildə 16 milyard m3-lik daşınan qazın satışı uzun müddətli müqavilələr əsasında həyata keçirilib. Layihənin ötürmə gücü artırıldıqda və yeni qaz həcmləri nəql edildikdə, artıq yeni müqavilələr bağlanılmalıdır. Hazırki qiymət səviyyəsi və qaza olan tələbat nəzərə alınmaqla, deyə bilərik ki, yeni müqavilələrdə Azərbaycanın əli daha da gücləndirəcək. Bu gün TAP boru kəmərinin ötürmə gücünün artırılması üçün bazar araşdırması həyata keçirilir. Düşünürəm ki, Avropanın təbii qaza olan tələbatının artması TAP və TANAP boru kəmərlərinin ikinci mərhələsinin sürətlə reallaşmasına öz töhfəsini verəcək”.

Emin Axundzadə hesab edir ki, təbii qaz bazarında qiymətlərin kəskin yüksəlməsi investorları mavi yanacaq yataqlarına investisiya qoymağa cəlb edir: “Demək olar ki, Azərbaycan üçün investisiya baxımından əlverişli fürsət yaranıb. Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz”dən əlavə “Abşeron”, Ümid, “Şəfəq-Asiman”, “Qarabağ” kimi yataqlar, “Əşrəfi-Dan Ulduzu-Aypara”, “Zəfər-Məşəl”, “Naxçıvan” kimi perspektiv strukturlar mövcuddur. Qiymətlərin yüksək olması təbii qaz hasilatının rentabelliyini artırır. Bu da Azərbaycanın hasilat və ixrac potensialına əhəmiyyətli töhfə verəcək”.

Analitik Azərbaycana təbii qaz idxal olunmadığını da vurğulayıb: “Son dövrlərdə “Şahdəniz-2” layihəsinin istismara verilməsi ilə bərabər Azərbaycanın qaz hasilatı kəskin artıb. Cari ilin birinci yarısında ölkəmizin təbii qaz ixracı təqribən 36 faiz artıb. Yəni Azərbaycanın həm daxili bazarı, həm də Türkiyə və Avropa bazarını təchiz edə biləcək təbii qaz ehtiyatları mövcuddur.

“Şahdəniz” layihəsinin təbii qaz hasilatında ildən-ilə artım müşahidə edilir. Məsələn, 2019-cu ildə 16.8 milyard kubmetr təbii qaz hasil olunmuşdusa, 2020-ci ildə bu göstərici 18,1 milyard kubmetr oldu. Bu il bu rəqəmin 21,3 milyard kubmetri keçəcəyi gözlənilir. Bu layihə üzrə qaz hasilatının 2023-cü ildə 26 milyard kubmetr həcmə çatacağı proqnozlaşdırılır.

Həmçinin gələn il istismara verilməsi nəzərdə tutulan “Abşeron” yatağından ilkin mərhələdə 1,5 milyard kubmetr təbii qaz hasil ediləcəyi gözlənilir. Mərhələli olaraq bu yataqda hasilatın plato dövründə 5 milyard kubmetrə çatacağı gözlənilir.

Bundan əlavə, “Ümid” yatağında yeni quyuların qazma prosesi yekunlaşandan sonra hasilat 50 faizə qədər arta bilər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın bazarında kifayət qədər təbii qaz mövcuddur”.


Müəllif: Yeganə Oqtayqızı