"Bir müddət öncə koronavirusun yeni omikron variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarlarının müzakirəsinə səbəb olmuşdu. Hətta dünya birjalarına, eləcə də neft bazarına ciddi təsir etsə də, sonradan qlobal bazalarda bu təsirlər uzun müddətli olmadı və geniş miqyaslı qapanma qərarları verilmədi. Qlobal iqtisadiyyat da artıq fərqli növ virusların “kəşfinə” adaptasiya olunub və “iqtisadi immunitet” yaranıb".
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.
Deputatın qənaətincə, Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir: “Təbii ki, epidemioloji vəziyyətdən asılı olaraq qərarlar verilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir.
Bununla belə, dünya bazarlarında, eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər. Buna görə də, iqtisadiyyatdakı mövcud artım tempinin qorunub saxlanması üçün sərt karantın tədbirlərinin yenidən tətbiqi məqsədəuyğun deyil”.