27 Noyabr 2014 15:10
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Georgi Kalamanovu qəbul edib.

Teleqraf.com-un məlumatına görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf etdiyini vurğulayıb.

Bildirilib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var və bu imkandan səmərəli istifadə Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişafına öz töhfəsini verə bilər.
Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Georgi Kalamanov səmimi qəbula görə təşəkkür edərək, Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransının sənaye sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə sənaye parklarına dair fikir mübadiləsi aparılıb, əczaçılıq və neft maşınqayırması sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd olunub ki, Azərbaycanda sənaye parklarında yaradılan əlverişli şərait, rezidentlər üçün güzəştlərin tətbiqi iş adamlarına əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin rəhbəri Eldar Tlyabiçev iştirak ediblər.

Naibə


Müəllif: