Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən Avropa ölkələri tənəzzüllə üzləşib. Müharibə Avropa üçün başda enerji olmaqla bir çox sahədə riskləri günü-gündən artırır. Avropa hazırkı böhrandan xilas olmaq üçün müxtəlif çıxış yolu tapmağa çalışır və qənaət tədbirləri görür.
Almaniya Rusiyanın yaratdığı təbii qaz böhranı səbəbindən artıq bütün ictimai binalarda istilik sistemini kəsib və "soyuq duş" rejiminə keçib. Enerjiyə qənaət məqsədilə ictimai binalarda, hovuzlarda, idman zallarında duşlarda əllərin yuyulması üçün isti su olmayacaq, fəvvarələrdə, bələdiyyə binası və muzeylər kimi böyük binalarda gecə işıqları olmayacaq.
Aİ bu qış Rusiya qazına tələbatı 15 faiz azaltmağa razılaşıb.
Müşahidələr göstərir ki, Avropada təbii qazın qiyməti son iki həftədə 60% artıb.
Qeyd edək ki, bu ilin mart aynda Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.
Azərbaycan təbii qaz ixracatçısıdır. Bu əsas götürülərək ölkənin qaz qıtlığı ilə üzləşməyəcəyi, eləcə də daxili bazada qiymət artımının planda olmadığı düşünülür. Bu bizi bir qədər rahatlatsa da, amma bəzən hökumət qiymət artımını əsaslandıra bilmir və bahalaşma qaçılmaz olur. Dünya bazarında gedən tendensiyaya qoşulma kimi ehtimallar ölkəmizdə təbi qaz qiymətlərinin artması məsələsini gündəmə gətirir.
Maraqlıdır, indiki dövrdə Azərbaycanda təbii qaz qiymətlərinin artmasına əsaslar varmı?
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Teleqraf.com-a bildirib ki, dünyanın bütün bazarlarında təbii qaz qiymətlərinin artması birbaşa Ukrayna ətrafında gedən hadisələrlə bağlıdır.
O, artıq təbii qazın axın xətlərində müəyyən dəyişikliklərin olduğunu deyib: “Avropada təbii qaz qiymətləri əsasən Hollandiyanın qaz ticarət platforması olan TTF-də müəyyən olunan spot qiymətlərlə tənzimlənir. Burada müəyyən olunan qiymətlər isə ümumi Avropanın qiymətlərin tənzimləyir.
Rusiya hazırda Avropaya tələb olunan qaz həcmlərinin verilməsindən imtina edib. Ukrayna ilə müharibəyə görə Qərbin sərt sanksiyaları ilə üz-üzə qalan Rusiya dost olmayan ölkələrlə qaz ticarətində ödənişlərin dollar və avro ilə aparılmasından imtina edərək rubla keçdi. Dəyişikliyə əsasən Avropadakı idxalçı enerji şirkətləri xarici valyutanı “Qazprom”un ixracat qolu “Qazprom Export”da rubla konvertasiya edərək ödənişlərini həyata keçirəcəklər. Təbii ki, prezident Vladimir Putinin ödənişin rublla edilməsi barədə imzaladığı sərəncamdan sonra Niderland, Bolqarıstan, Polşa kimi bir sıra ölkələr bu ödəniş sistemindən imtina etdilər.
Rusiya həm “Şimal axını 1” magistral qaz kəməri, həm də Ukrayna qaz nəql sistemi üzərindən Avropaya ixrac olunan qaz həcmlərindən imtina etdi. Bir çox hallarda səbəb kimi texniki məsələləri göstərirdi. Məsələn, “Şimal axını 1” magistral qaz kəmərinin qaz turbin avadanlığının Kanadada “Simens” şirkətində təmirdən sonra qaytarılmasının gecikdirildiyini əsas göstərirdi. Lakin bu texniki məsələlər bəhanədən başqa bir şey deyildi. Əgər doğurdan da sözügedən qaz kəmərində hər hansı bir texniki problem yaşanırsa, onda ixrac həcmləri digər alternativ mənbələrə də yönələ bilərdi. Lakin “Qazprom” bu mənbələrdən bilərəkdən istifadə etmirdi. Bu da Avropanın qaz bazarlarında qıtlığın yaranmasına təkan verdi. Bu səbəbdən həm Avropa, həm də Asiya bazarlarında təbii qaz qiymətləri artmaqda davam edir”.
Təbii qaz bazarındakı tendensiyanın Azərbaycana təsirinə gəlincə, analitik qeyd edib ki, ölkə daxilində qiymətləri Taarif (Qiymət) Şurası müəyyən edir: “Hazırda Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir. Ölkədə əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin - 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik ödəyir. Bu proses Tarif Şurasının 2020-ci ilin oktyabrında verdiyi qərarla həyata keçirilir.
Qaz istehsalçısı qismində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), qaz paylayıcısı qismində isə SOCAR-ın nəzdində olan “Azəriqaz” İstehsalat Birliyi çıxış edir. İstehsalçıdan əldə olunması və qaz paylayıcısına satılması ilə isə Azərbaycan Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti çıxış edir. “Azəriqaz” İstehsalat Birliyi qazı topdansatış qiymətlərlə “Azərkontrakt” ASC-dən alır. Hazırkı üçpilləli tarif sistemi ilə həyata keçirilən qazın satış qiymətləri heç də aşağı deyil. Çünki bu qiymətlər “Azəriqaz”ın, eləcə də SOCAR-ın və Azərbaycanın qaz yataqlarında iştirak edən beynəlxalq əməliyyat şirkətlərinin maraqlarına tam xidmət edir. Belə olan halda biz nə üçün ölkə daxilində qiymətləri qaldırmalıyıq? Hazırda daxili qiymətlər heç də aşağı deyil”.
Zəfər Vəliyev hesab edir ki, təbii qaz qiymətlərinin ölkə daxilində artırılmasına ciddi bir səbəb yoxdur: “Çünki ölkəmiz enerji ixracı ilə məşğuldur. İlin 6 ayı ərzində Azərbaycan ixrac etdiyi qaz qiymətlərinə nəzər salsaq görərik ki, Gürcüstan və Türkiyəyə dünya bazarından aşağı qiymətlərə qaz tədarük edir. Yalnız Bolqarıstan, Yunanıstan və İtaliyaya satılan qaz beynəlxalq qiymətlər səviyyəsinədədir.
Əgər 1 kubmetr qazı 20 və ya 25 qəpiyə alırsa, onda min kubmetr qazın qiyməti 200 və yaxud 250 manat edir (117-147 dollar). Ölkə daxilində bu qiymətlə həm “Azəriqaz”, həm də istehsalçı şirkətlər kifayət qədər gəlir götürə bilər. Bu baxımdan ölkə daxilində təbii qaz qiymətlərinin artırılmasına ciddi əsas görmürəm.
Bundan əlavə, Türkmənistan, Rusiya, İran kimi qonşu dövlətlər qaz ehtiyatlarına görə dünyada öndə gedir. Bu dövlətlərdə də əhali qrupuna satılan qaz qiymətləri elə də yüksək deyil. O cümlədən eyni yanaşma Azərbaycanda da olmalıdır. Ölkəmiz Avropa dövləti deyil ki, təbii qaz qiymətləri birbaşa dünya bazarı ilə tənzimlənsin. Bir ilə yaxındır ki, Avropa ölkələrinin böyük əksəriyyətində əhali qrupuna həm elektrik enerjisi, həm də təbii qaz istehlakı ilə bağlı müəyyən kompensasiya olunur. Ona görə də Azərbaycanda təbii qazın pərakəndə satış qiymətinin yenidən artırılmasını düşünmürəm. Bu, əhalinin sosial vəziyyətinə və iqtisadi artma mənfi təsir göstərər”.