“X.com” bu həftə bəzi premium istifadəçilərə reklam gəliri olaraq minlərlə dollar ödəyib.
Teleqraf.com xəbər verir ki, amerikalı sahibkar və milyarder İlon Mask “Twitter”i aldıqdan sonra platformada bir çox dəyişiklik edib.
Milyarder bu yaxınlarda adını “X” olaraq dəyişdirdiyi “Twitter” sosial media platformasının reklam gəlirlərini dünya üzrə məzmun istehsalçıları ilə paylaşacağını bəyan etmişdi. Reklam gəlirlərinin bölüşdürülməsi tətbiqi bundan dərhal sonra başladı.
Hesablarında minlərlə dollara qədər pul görən istifadəçilər heyrətlərini dilə gətiriblər.
Platformadan pul qazanmaq istəyən istifadəçilər əvvəlcə şərtlərə uyğun olub-olmadıqlarını öyrənməlidirlər.
Platformanın parametrlər bölməsində “pul qazanmaq” butonunu klikləyən istifadəçilərin qarşısına iki seçim çıxır: abunəlik və reklam gəlirlərinin paylaşılması.
Platforma abunə sistemini aprel ayında işə salmışdı. Bu sistemdə istifadəçilər müəyyən insanlara abunə ola və eksklüziv məzmuna daxil ola bilərlər. Bu yolla abunə olan istifadəçi də pul qazana bilər.
Qeyd olunan şərtlər aşağıdakılardır:
Reklam gəlirlərinin bölüşdürülməsinə uyğun olmaq üçün istifadəçi əvvəlcə mavi “Twitter Blue” abunəçisi olmalıdır. Əgər mavi abunəçi deyilsinizsə, reklam pulu “X.com”da qalır. Bu proqram hər kəs üçün açıqdır.
Son 3 ayda paylaşılan məzmunlar ümumilikdə ən azı 15 milyon baxış sayı toplamalıdır.
İstifadəçi ən azı 500 izləyiciyə sahib olmalıdır.
“Twitter Blue” vebsayt vasitəsilə qeydiyyatdan keçənlər üçün ayda 8 dollar, ildə isə 84 dollara başa gəlir. İOS və ya Android proqramı vasitəsilə ödənişli xidmətə qoşulmaq istəyənlər ayda 11 dollar, ildə isə 114,99 dollar ödəyirlər.