Azərbaycanda günəş panellərindən istifadə ilə əlavə gəlir əldə etmək mümkün olacaq.
Nazirlər Kabineti bununla bağlı yeni qərar qəbul edib.
Evlərin damına və ya həyətyanı sahələrə günəş panelləri quraşdırmaqla enerjidən istifadə etmək, qalan hissəni isə dövlətə satmaq mümkün olacaq.
Aktiv istehlakçılar mərkəzi şəbəkəyə qoşulacaq. Bundan başqa, onlar elektrik enerjisinin idxal və ixracını ölçə bilən ikitərəfli sayğaclardan istifadə edəcək. Bununla da şəbəkəyə ötürdüyü və aldığı elektrik enerjisini hesablaya biləcək.
Qeyd edək ki, əhali qrupuna daxil olan aktiv istehlakçıların şəbəkəyə ötürdüyü elektrik enerjisi gəlir vergisindən də azad edilib.
Maraqlıdır, yeni qərar istehlakçıya nə vəd edir?
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Teleqraf.com-a bildirib ki, sözügedən məsələ elektroenergetika haqqında qanunda öz əksini tapıb.
O, hazırda qanundan irəli gələn qərarların icrası üçün addımlar atıldığın vurğulayıb: “Günəş panellərinin çatışmayan cəhəti sahə istəməsidir. Yəni günəş enerjisini elektrik enerjisinə çevirmək üçün geniş torpaq sahəsi lazımdır.
Digər tərəfdən, bəzi insanlarda yanlış təsəvvür formalaşıb. Düşünülür ki, günəş panellərininin bazar qiyməti 200-300 manat arasındadır “Sədərək” ticarət mərkəzindən və eləcə də şirkətlərdən alıb evdə quraşdrıracam, özüm istifadə etməsəm də, kiməsə sataram. Ancaq məsələ belə bəsit deyil.
Bu yanaşma ilk baxışdan insanlarda məlumatın azlığından irəli gəlir. Təbii ki, ucuz panellər daha faydalı iş əmsalına, daha baha satılan panellər isə yüksək enerji hasil etmək qabiliyyətinə malikdir. Məsələ bu panelləri alıb evlərin üzərinə quraşdırmaqla yekunlaşmır. Bu panellərin istehsal etdiyi enerjini depolamaq üçün akkumulyatorlar və enerjini sabit edən amperlər də lazımdır. Bundan əlavə, bu qurğuların montajı da gərəkdir. Ona görə də günəş panellərindən elektrik enerjisini istehsal edib əmtəəlik şəkildə bazarda satmaq kifayət qədər yüksək kapital qoyuluşu tələb edir.
Çox da böyük olmayan bağ evinin enerjiyə olan tələbatını qarşılamaq üçün təxminən 10 kilovat gücündə panel lazımdır. Bu, xeyli böyükdür. Ən yaxşı halda bu paneldən sutka ərzində 2-2.5 kilovat elektrik enerjisi almaq olar. Yəni 10 kilovatlıq panelin faydalı iş əmsalı bağ evinə lazım olan enerjinin dörddə biri qədərdir. Onun qiyməti isə keyfiyyətindən asılı olaraq 7-8, hətta 15 min manata qədər ola bilər. Bu, xeyli olmasa da, enerjiyə olan tələbatın müəyyən hissəsini ödəyir”.
Mütəxəssis hesab edir ki, Azərbaycanın bütün rayonlarında subsidiya hesabına alternativ enerjiyə əlçatanlığı təmin etmək olar: “İşğaldan azad olunmuş ərazilərdə tikilən evləri gördük. Ərazi baxımından panellərin orada quraşdırılması mümkündür. Hesab edirəm ki, Azərbaycanın bütün rayonlarında subsidiya hesabına bunu təkmilləşdirmək olar. Çünki “yaşıl enerji” bütün dünyada subsidiya hesabına əlçatan olub. Azərbaycanda isə alternativ və bərpaolunan enerji əlçatan deyil. Zamanında edilməli idi. Əgər dövlət 2009-cu ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyini yaradanda 2010-cu ildə sahəyə subsidiya ayırsaydı, istehsalçılar da bu mərhələni rahatlıqla keçərdi. Demək olmaz ki, qısa zamanda bundan yararlanmaq mümkün olacaq.
Bir neçə il əvvəl Azərbaycana gətirilən hibrid avtomobillərin idxalı və satışı, elektrik avtomobillərinin isə satışı əlavə dəyər vergisindən azad edildi. Vergilərin sıfırlanmasına baxmayaraq, ölkəmizdə nə köhnə maşınlardan imtina edildi, nə də bazar eradan əvvəl qalmış “Prius”ların yenilənməsinə nail oldu. Çünki bu addım zamanında atılmamışdı... Bu addım 10 il əvvəl atılmalıydı. Bu innovativ texnologiyanın nə hökumət, nə də biznes tərəfindən reklamı var. Bununla belə, gec də olsa, hökumətin atdığı addımı təqdirəlayiq hesab etmək olar”.
Yeni qərar ənənəvi elektrik enerjisinin qiymətinə necə təsir edəcək?
“Elektroenergetika haqqında qanuna görə, 5 ildən sonra ənənəvi elektrik enerjisinin qiyməti dövlət tərəfindən tənzimlənməyəcək. Mövcud şəraitdə bazarda qiymətlər tələb və təklif əsasında müəyyənləşəcək”, deyə İlham Şaban qeyd edib.