21 Avqust 2015 12:14
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən kifayət qədər möhkəm dayaqlara malikdir. Hakimiyyətlə xalq arasında yaranmış birlik isə Azərbaycanın əsas göstəriciləri sırasında yerini möhkəmlətmiş amillərdən biridir. Tərəddüd etmədən deyə bilərik ki, Azərbaycan hakimiyyəti cəmiyyətin tam dəstəyini qazana bilib və bu üstünlüyünü illərdir qoruyub saxlayır.

Azərbaycanın bügünkü mənzərəsinə həm politoloji, həm də sosioloji aspektlərdən yanaşdıqda, görürük ki, tamamilə təbii proses müşahidə olunmaqdadır: Xalqa arxalanan, onun dəstəyinə güvənən və əsasən sosial yönümlü siyasətə üstünlük verən hakimiyyət bunun müqabilində hansı üstünlüklər əldə etməliydisə, bu gün onların hamısına müvəffəq olub. İlham Əliyev hakimiyyətinin dayağı xalqdır və deməli bu birliyi və xalqla vəhdət üzərində qurulmuş idarəçilik sistemini sarsıtmaq mümkün deyil. Bu gün Azərbaycanın həm ictimai-siyasi, həm də sosial-iqtisadi həyatının ən xırda elementi belə onu deməyə əsas verir ki, ölkəni daha işıqlı perspektivlər gözləyir.

***

Azərbaycanda çirkin siyasi oyunlar yolunu tutan, cəmiyyəti çaşdırmaq məqsədilə min cür yalan uyduran adamlar parlament seçkiləri ərərəfəsində bir qədər də fəallaşaraq heç bir arqumentə söykənməyən pafos dolu çıxışlarını artırıblar. İllərdir təkrar olunan uydurmalar bu gün yeni oranjemanda yenidən səsləndirilir. Amma kimin hansı yalanı danışmasından asılı olmayaraq Azərbaycanı bugünkü inkişaf yolundan uzaqlaşdırmağa heç kəsin gücü çata bilməz. Bunun doğrudan da belə olduğunu Azərbaycan cəmiyyəti son 11 idə dəfələrlə sübut edə bilib. Cəmiyyət hakimiyyətə qarşı “radikal” mövqedə dayanmış kimi görünməyə çalışanlara da, onların xaricdəki havadarlarına da dəfələrlə göstərib ki, ağı qaradan seçə bilir...

***

Hər şey göz qabağındadır. O qədər yalan danışıblar ki, artıq insanların gözündə müxalifətçi statusunda da qala bilməyiblər. Cəmiyyət artıq başa düşür ki, bu adamlar dövlətə qarşı xəyanət yolunu tutaraq müxtəlif xarici ölkələrin sifarişlərini yerinə yetirirlər. Əlbəttə, hər bir hakimiyyət ölkədə normal konstruktiv müxalifətin olmasını istəyir. Hər bir hakimiyyət çox gözəl bilir ki, normal, konstruktiv müxalifət ölkənin hərtərəfli inkişafına təkan verə biləcək bir qüvvədir. Azərbaycan hakimiyyəti də ölkədə belə bir müxalifətin olmasında maraqlıdır. Lakin təəssüflər olsun ki, görülən işlərə qara yaxmaq, insanları təhqir etmək, yalan danışmaq, ölkəyə qarşı ən yaramaz əməllərə imza atmaq kimi fəaliyyət növlərinə üstünlük verən və özünü “siyasi lider” hesab edənlər Azərbaycanda sağlam müxalifətin yaranmasının qarşısında da qara daşa çevriliblər.

***

Azərbaycan bu gün tək bölgənin deyil, dünyanın ən sabit və təhlükəsiz ölkələrindən birinə çevrilib. Baxın, yaxın şərq ölkələri qan içində boğulurlar. İnsanlar böyük bir fəlakətlə üz üzə qalıblar. Ukraynanın şərqində baş verənləri hamı görür. On minlərlə insanlar nəinki ev-eşiklərini itiriblər, onlar hətta həyata da ümüdlərini itirmiş vəziyyətdədirlər. Özünə “siyasi lider” statusu vermiş “millət qəhrəmanları”, sizə beləmi Azərbaycan lazımdır? Əgər siz siyasi əxlaqsızlıq edib bütün dünyanın etiraf etdiyi Azərbaycan həqiqətlərinin üzərindən qara qələm çəkməyi bacara bilirsinizsə, deməli, hakimiyyətə gəlmək xatirinə Azərbaycanda da belə bir xaosun yaranmasına qol qoymağa məmuniyyətlə gedərsiniz. Siz bu gün abır və həya yeri qoymadan “Neft Azərbaycana heç nə verməyib” deyirsiniz. Bəs Azərbaycanın bütün dünyada etiraf edilən iqtisadi sıçrayışı nəyin hesabınadır? Tarixdə hansı neft ölkəsi 5 il ərzində Ümumi Daxili Məhsulunun tərkibində qeyri-neft sektorunun payını 50%-dən 70%-ə qədər yüksəltməyə nail ola bilib? Hansı neft ölkəsi 5 il ərzində qeyri-neft sektorundan ixracın həcmini 65%-ə qədər artırmağa nail ola bilib? Hansı neft ölkəsində 11 il ərzində orta aylıq əmək haqqı 5,7 dəfə (570%), pensiyalar 9,2 dəfə (920%) artırılıb? Hansı ölkə belə qısa müddət ərzində öz valyuta ehtiyatlarını 28 dəfəyə qədər (2800%) artıra bilib?.. Bu rəqəmlərin sırası çox genişdir. Əslində bu reallıqlar Azərbaycan dövlətinin qəsdinə duran insanların hamısına məlumdur. Lakin özünü ziyalı hesab edən, yazıçı kimi təqdim olunan bir xanım xalqa “iqtisadiyyat dərsi” verməyə həvəslənərək, “Bu neftin əhalimizə, təhsilimizə, səhiyyəmizə, sənayemizə, idxalımıza, ictimai münasibətlərimizə, mədəni səviyyəmizə, demokratik inkişafımıza heç bir xeyiri dəymədi” deyir... Tam əminliklə deyə bilərik ki, belə bir açıqlama ilə çıxış edən adam heç bir halda öz ölkəsini sevə bilməz. Ölkəsini, millətini sevən insanlar obyektivlik hissini itirə bilməzlər. Yalan danışan adamlar vətən, dövlət və bayrağa münasibətdə də qeyri-səmimidirlər. Son on ildən bir qədər artıq vaxt ərzində ölkədə tikilən və əsaslı bərpa olunan minlərlə məktəb, tibb ocağı, mədəniyyət, idman obyektlərini, körpüləri, yolları, su anbarlarını, elektrik stansiyalarını, istehsal və emal müəssisələrini görməmək mümkün deyil axı. Görülən bu qədər nəhəng işlərin qarşılığında necə demək olar ki, xalq neft gəlirlərindən faydalanmayıb? Məgər bütün bunlar xalq üçün qurulub yaradılmayıbmı? Bunları görməmək üçün ən azı kor olmaq lazımdır.

***

Eyni notla tarixçi bir “siyasi lider” cari ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqaisədə 6% iqtisadi artım deyil, iqtisadiyyatda 28-30% azalma baş verdiyini deyir. Bu qədər savadsızlıq nümayiş etdirmək sadəcə eyibdir. Bu ilin fevral ayında manatın ucuzlaşmasını əlinə bayraq edən bu tarixçı “iqtisadiyyat müəllimi” bilməlidir ki, əvvəla milli statistikada Azərbaycanda Ümumi Daxili Məhsulun uçotu Azərbaycan manatı ilə aparılır. İkincisi isə keçən ilin müvafiq dövrü ilə müqaisədə ölkədə əsas məhsulların – yanacağın, çörəyin, enerjinin, suyun, kommunal xidmətlərin və əsas ərzaq məhsullarının qiymətlərində, bir sözlə istehlak səbətinə daxil olan məhsulların qiymətlərində heç bir nəzərəçarpacaq dəyişiklik qeydə alınmayb. Belə olan halda keçən ilin eyni dövrü ilə müqaisədə Ümumi Daxili Məhsulun 28-30% azalmasına dair yalanı cəmiyyətə necə ötürmək olar? Aydındır, həmin bu tarixçi “iqtisadiyyat müəllimi” növbəti dəfə cəmiyyəti aldatmağa çalışıb. Əslində bu biçarənin başqa yolu da qalmayıb. Ahıl yaşında dövlətə qarşı işləmək məcbiriyyətindədir... O, ancaq yalan danışmalıdır, gerçəyi gozlətməli və yaxşı nə varsa hamısnın üzərinə kölgə salmağa meyillənməlidir. Görəvi belədir! Ancaq belələri anlamır ki, artıq insanlar bu kimi yalanlara qulaq asmağı özlərinə rəva bilmirlərş. Bilsəydilər arxalarına düşüb “Məhsul” stadionundakı yığıncaqlarına gedərdilər ki, bu yalanları onların dilindən canlı olaraq eşitsinlər. Getmirlər, çünki başqa yolu seçiblər. Bu yolda iqtisadi inkişaf və sosial rifah var. Bu yolda real iş və konkret fəaliyyət proqaramları var. Bu yol sınanılmış yoldur!

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor


Müəllif:

Oxşar xəbərlər