Yay fəslinin sonları və payızın əvvəllərində ölkə ərazisində siçanabənzər gəmircilərin çoxalması və yeni sahələrə yayılması üçün əlverişli şərait yaranır.
Dövlət Fitosanitar Nəzarəti Xidməti zərərvericilərə və gəmiricilərə qarşı mübarizə məqsədi ilə bu ilin sentyabr ayında İsmayıllı, Qəbələ, Qusar və Qobustan rayonlarında 10 min hektara yaxın ərazidə aparılan müşahidələr zamanı siçanabənzər gəmiricilərin sayı iqtisadi ziyanvurma həddindən çox olduğu üçün 5700 hektar ərazidə kimyəvi mübarizə, digər ərazilərdə isə zərərvericilərin sayı İqtisadi Ziyanvurma Həddindən (İZH) az olduğuna görə aqrotexniki mübarizə tədbirlərinə başlanılıb.
DFNX-nin mətbuat katibliyindən Teleqraf.com-a verilən məlumata görə dənli bitkilərin əkin sahələrində çıxış alınması ilə eyni vaxtda taxıl böcəyinin sürfələrinin də zərərli fəaliyyətə başlaması müşahidə olunub. Əsasən dağətəyi dəmyə taxıl sahələrinə zərər verməsi ilə xarakterizə olunan bu zərərvericiyə qarşı Şəki və Qax rayonlarına 340 hektar ərazidə kimyəvi mübarizə aparılması üçün dərman preparatları ayrılıb və mübarizə tədbirlərinə start verilib.
Kartofun təhlükəli karantin zərərvericisi olan kartof güvəsinin anbarlarda saxlanan ərzaq kartofu və toxumluq kartof yumrularına ciddi zərər vurduğunu nəzərə alaraq, Tovuz rayonunda 3000 ton kartofu biolojı preparatlarla (Bacillus Thuringiensis) dərmanlanıb, daha 6500 ton toxumluq kartofun dərmanlanmasına başlanıb.
Kənd təsərrüfatı məhsullarının istehsalı zamanı müxtəlif çeşidli pestisidlərdən çox istifadə edilməsi ətraf mühitin çirklənməsinə, faydalı canlıların məhv olmasına, ekoloji tarazlığın pozulmasına və istehsal olunmuş məhsullarda insan üçün zərərli olan pestisidlərin qalıq miqdarlarının toplanmasına səbəb olur. Bunları nəzərə alaraq respublikamızda tam təhlükəsiz olan bioloji mübarizə tədbirlərindən istifadəyə önəmli yer verilməkdədir.
SEVİL