Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2016-cı ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, müşavirədə çıxış edən Komitə sədri Kərəm Həsənov bildirib ki, Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə
“Mülkiyyət hüquqları Alyansı”nın illik beynəlxalq reytinq cədvəlində yer alıb. 129 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycan “daşınmaz əmlakın qeydiyyatı” kateqoriyasında mümkün 10 baldan demək olar ki, maksimum balı (9,7 bal) toplayaraq dünya üzrə 20-ci yerdə qərarlaşıb.
Müşavirədə hesabat dövründə fəaliyyət sahələri üzrə qeydə alınan bəzi statistik göstəricilər barədə məlumat verilib.
Qeyd olunub ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 70 kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər, 125 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. 40-dan çox qeyri-yaşayış sahəsi və 15 torpaq sahəsi icarəyə verilib. Keçirilmiş 12 pul hərracında 3 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib.
Dövlət mülkiyyətində olan torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət, torpaqlardan əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər aparılıb.
481 torpaq qanunvericiliyinin tələblərinin pozulması halı aşkar edilib və bununla bağlı qanunauyğun tədbirlər görülüb.
Ötən dövrdə 37 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunlardan 11 mini ilkin, 26 mini isə təkrar qeydiyyata aid olub.
Hesabat dövründə 10 minə yaxın ipoteka müqaviləsi qeydə alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 27 mindən çox yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 17 minə yaxını onlayn üsulla həyata keçirilib. Həmçinin əhaliyə xidmətlə bağlı 20 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.
32 minə yaxın daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib. Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi istiqamətində işlərin icrası davam etdirilib.60-a yaxın normativ hüquqi aktın layihəsi hazırlanıb. Hazırlanmış layihələrdən 21-i təsdiq edilib.
İlhamə Əbülfət