31 May 2016 10:56
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ali Neft Məktəbində “Multisektoral əməkdaşlıq: müasir dövrdə iqtisadiyyatın inkişafında gömrük xidmətinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Teleqraf.com-un məlumatına görə, Bakı Ali Neft Məktəbinin, Dövlət Gömrük Komitəsi Akademiyasının və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakı regional ofisinin birgə təşkilatçılığı gerçəkləşən konfransın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədr Aydın Əliyev bildirib ki, bu gün hər bir dövlət qurumunda əsas məsələ peşəkar kadrların yetişdirilməsi və onların aidiyyatı strukturlara yerləşdirilməsidir.

Azərbaycanın gömrük tarixindən danışan Aydın Əliyev dünya gömrük sahəsində ölkə gömrüyünün böyük rola malik olduğunu vurğulayıb, gömrük əməkdaşlığının yüksək səviyyədə olduğunu deyib: “Son zamanlar gömrük orqanları qarşısında vacib məqsədlər qoyulub. Azərbaycanın ixrac potensialı məhz neft və qaz sahəsindən asılı olub. Bu günə qədər Azərbaycanın neft-qaz sahəsinə 50 milyard dollardan artıq vəsait yatırılıb.

Gömrük orqanları qarşısında dayanan problemlərdən biri də fiziki şəxslərə verilən imtiyazlardan qeyri-qanuni istifadədir ki, bununla bağlı Nazirlər Kabinetinə müraciət olunub və yaxın günlərdə müvafiq qərar qəbul olunacaq”.

Son illər gömrük sahəsində görülən işlər və həyata keçirilən tədbirlərdən danışan Aydın Əliyev vurğulayıb ki, ötən illə müqayisədə siqaret və tütün məhsullarının idxalı 6 dəfə azalıb.

Konfransda “Gömrük siyasəti beynəlxalq inkişafın aparıcısı kimi” mövzusunda məruzə edən “KGH Sərhəd Xidməti” şirkətinin prezidenti, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin məsləhət şurasının üzvü Lars Karlsson beynəlxalq gömrük akademiyalarının fəaliyyəti barədə məlumat verib.

Sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Azərbaycan iqtisadiyyatının inkişafında neft strategiyasının rolu”, Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev “Gömrük xidmətində innovasiya layihələrinin tətbiqi və idarə olunması prinsipləri”, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Azərbaycanda Hasilatın Pay Bölgüsü sazişləri üzrə gömrük prosedurları”, Dövlət Gömrük Komitəsinin baş inspektoru, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakı regional ofisinin meneceri Lalə İmanova “Qeyri-neft sektorunun inkişafı istiqamətində gömrük prosedurlarının təkmilləşdirilməsi və sadələşdirilməsi” və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin katibi Mixail Kaşubski “Dəniz neft qurğularının hüquqi statusu ilə bağlı problemlər - beynəlxalq hüquq və dövlət təcrübəsi” adlı məruzələrlə çıxış ediblər.

Konfransda Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyasının tələbə və müəllimləri “Azərbaycan gömrük xidmətinin tarixi və inkişaf mərhələləri”, “Avropa İttifaqının hüququ və Azərbaycan Respublikasının hüquq sistemində aksiz vergisinin hüquqi tənzimlənməsi”, “İqtisadiyyatın gömrük tənzimlənməsi”, “Azərbaycan post-neft dövründə”, “Qaçaqmalçılıqla mübarizə”, “Yerli iqtisadiyyatda kənd təsərrüfatının rolu”, “Ümumdünya gömrük əməkdaşlığı: çağırışlar və perspektivlər”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “İqtisadiyyat və gömrük: qarşılıqlı təsirlər”, “İqtisadi artım və tənəzzül”, “Azərbaycanın gömrük sistemində “bir pəncərə” sistemi” və “Beynəlxalq ticarətdə risklər” adlı məruzələr dinlənilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər