Vəkil Şəfiqə Nağıyevanın fəaliyyəti 6 ay müddətinə dayandırılıb.
Axşam.az "Report"a istinadən xəbər verir ki, bu barədə vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin üzvü İradə Cavadova məlumat verib.
Onun sözlərinə görə, ötən gün VK-da keçirilən iclasda bu barədə qərar qəbul edilib: "Bu ilin yanvarından Şəfiqə Nağıyeva ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə xeyli şikayətlər daxil olub. Bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti də onu dəfərlərlə iclaslara dəvət edib. Lakin Şəfiqə xanım iclaslara heç bir əsas göstərmədən qatılmadı. O, gəlməməsi ilə bağlı izahatlar da yazmadı.
Digər tərəfdən, o, işlədiyi hüquq məsləhətxanasında bir çox qanun pozuntularına yol verib. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, onun fəaliyyəti 6 ay müddətinə dayandırılıb.
Bundan başqa, iclasda vətəndaşların şikayəti ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin araşdırma səlahiyyəti olmadığı üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib. Bunu artıq Baş Prokurorluq araşdıracaq".
Qeyd edək ki, Ş.Nağıyeva bir vaxtlar mərhum xalq artisti İlhamə Quliyevanın vəkili olub. Son vaxtlar isə o, Zaur Baxşəliyevin "Bizimləsən" verilişində ekspert kimi tez-tez gündəmə gəlirdi.