4 Oktyabr 2016 15:15
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış aparıcı Hacı Nuranla müsahibəni təqdim edir:

-Nuran bəy, Həcc ziyarətindən gəlmisiniz...

-Bəli, Həcc ziyarətinə getmişdim. Ziyarətdən bir neçə gün öncə gəldim. Allah hər kəsə qismət eləsin. Əslində, ikinci dəfə idi müqəddəs məkana gedirdim. İlk dəfə 2003-cü ildə olmuşam.

-Bir müddət əvvəl “Xəzər”də “Xeyir körpüsü” verilişinin aparıcısı idiniz. Yenidən fəaliyyətə başlayacağınızı qeyd etmişdiniz. Amma sizi yeni sezonda görmədik…

-Yaxın günlərdə fəaliyyətimizə başlamaq istəyirik. Hər kəs tezliklə verilişimizin başlanmasını arzulayır. Səhhətimə görə elə eləmək istəyirəm ki, verilişi çəkib, Almaniyaya gedə bilim. Həmişəlik Almaniyada yaşamaq istəmirəm. Düzdür, bir müddət əvvəl xəstəliyimə görə saçım tökülmüşdü. Ona görə vətənimə gələ bilmirdim. İndi, şükür Allaha, hər şey yaxşıdır.

-“Xeyir körpüsü”nün formatı asan deyil. İnsanların problemini siz həll edirsiniz. Bu, sizin səhhətinizə psixoloji cəhətdən təsir edir. Bunu nəzərə almısınızmı?

-Hər kəs deyir ki, xəstəliyiniz inkişaf edə bilər. Amma mən başqa sahə ilə məşğul ola bilmərəm. Bu dünyada hər insanın öz missiyası var. Şou və başqa tipli verilişlər apara bilmərəm. Çünki köməyə ehtiyacı olan insanlar çoxdur.

-Rejissor Şahin Zəkizadə də qan xərçəngindən əziyyət çəkir. Ona necə kömək etməyi düşünürsünüz?

-Onun üçün Kəbədə dua etdim. Dua etdikdən bir gün sonra mənə yazdı ki, Heydər Əliyev Fondu müalicəmi öz üzərimə götürüb. Kəbədə dualar tez qəbul edilir.

-Hazırda insanlara kömək edə bilirsinizmi?

-Böyük məbləğdə olmasa da, bacardığım qədər kömək edirəm. Xəstəxanada dostlarım çoxdur. Hələ verilişimiz fəaliyyət göstərmir deyə çox da kömək edə bilmirəm. Sadəcə, elə xəstə var hansı mütəxəssisə müraciət edəcəyini bilmir. O zaman yardımçı oluram.

-Hər zaman sizi optimist görürük…

-Bəli, xəstəliklə mübarizə aparmaq üçün özümə mənəvi dəstək oluram. Xəstə olduğumu qəbul etmirəm. İstəmirəm insanların mənə yazığı gəlsin, xəstə kimi baxsınlar. Çalışıram mənə baxan zaman xəstəliklə mübarizədə güclü olduğumu dərk etsinlər. Çox şey insanın özündən asılıdır. Bütün günü qara geyinməyin, ağlamağın nə faydası var? Ona görə pozitiv oluram, gördüyünüz kimi pencəyimə gül-çiçək taxıram. Yəni özümü o stuasiyadan çıxarıram. Xəstəlik də qorxub qaçır (gülür).

-Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva ilə fotolarınızı tez-tez instaqramda paylaşırsınız...

-Leyla xanım çox gözəl insandır. Müalicəmə yardım edir. Xəstəxanada olanda bir neçə dəfə ziyarət edib. O, böyük ürəyə malikdir. Layihələri ilə insanlara kömək edir. Allah ömür versin.

-Müalicə zamanı sizi bir çox layihələrdə görürük. Bunun səhhətinizə təsiri varmı?

-Hələlik səhhətim, şükür, yaxşıdır. Çünki tədbirlərdə tamamilə başqa mühitə düşürəm və hər şeyi unuduram.

-Bu il evlənməyi planlaşdırırsınızmı?

-İki aydan sonra 40 yaşım olacaq. İnşallah, qismət olsa, evlənməyi düşünürəm. Amma hələ gəlin yoxdur, axtarışındayam (gülür).

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər