Məşhur aparıcı Azər İsmayılov Teleqraf.com-a müsahibə verib. Aparıcı “Yoxlama” verilişi ilə yenidən efirə qayıtmasından və şəxsi həyatından danışıb.
- Azər bəy, “Yoxlama” verilişi ilə yenidən fəaliyyətinizə başlayırsınız. Verilişin formatında dəyişiklik olacaq?
- Bəli, fərqli formatla tamaşaçıların görüşünə gələcəyik. Bu layihəni Qafqaz regionunda ATV və “A media groupe”dan başqa heç kim təqdim edə bilməz. Verilişimizdə xidmət sahəsinə aid dəyişikliklər olacaq, universitetlər, məktəblər, baxçalarda təmizlik xidməti yoxlanacaq. Bu haqda danışmayacam, çünki sensasiya yaradacaq. Artıq verilişin çəkilişlərinə başlamışıq. İnşallah, yaxın günlərdə efirdə yayımlanacaq. İlk efirimiz çox fərqli olacaq. Bu vaxta qədər gördüyümüz işləri ümumi təqdim edəcəyik. Noyabrda tok-şoumuz olacaq. Xidmət sektorlarının yoxlanmasından sonra rəhbəri və yaxud da məsul şəxs studiyaya dəvət ediləcək, müzakirələr aparılacaq. İstehlakçılar da müzakirələrdə iştirak edib, öz fikirlərini bildirəcəklər.
- Həmkarınız Nərgiz Məmmədova da sizinlə aparıcılıq edəcək?
- Bu verilişdə yox, “A media groupe”nin digər verilişində aparıcılıq edəcək. “Eksperiment” adlı üçüncü layihəmiz də olacaq.
- Azər bəy, keçən sezonda “Yoxlama” verilişində problem yaşamışdınız. Şamaxıda çəkiliş zamanı restoran sahibi tərəfindən döyüldüyünüz yazıldı...
- Ona görə saytların bir çoxu ilə problemim oldu. Xeyr döyülməyim haqqında yazılan xəbərlər düzgün məlumat deyil. Bizi Şamaxıda döyməyiblər. Kimsə kimisə itələyəndə döymək olur? Təbii ki, yox. Ötən gün bununla bağlı Şamaxıda məhkəmə oldu. Bizə dəyən maddi zərəri ödədilər. Onları bağışladıq. Növbəti məhkəmə prosesi oktyabrın 12-ə qaldı. Çünki bir neçə nəfər Bakıda olmadığına görə məhkəməyə gedə bilməmişdilər.
Ayın 12-də baş tutacaq məhkəmənin nəticəsini ilk efirimizdə yayımlayacağıq. Yəni ki, saytlarımız Azər döyüldü deyil, kamera sındı yaza bilərdilər.
- Yeni sezonda bu kimi problemlər yaşamamaq üçün hansı tədbirləri görmüsünüz?
- Tədbir görüldü, hüquq mühafizə orqanlarına müraciət etdik. Cinayət işi açıldı, inzibati xətalara görə cərimələr ödənəcək. Maddi zərər ödənib. Bu işlə hüquq mühafizə orqanları məşğul olacaq. Biz öncədən çəkəcəyimiz məkana maddi maraq, təmənna güdmədən xəbərdarlıq göndəririk ki, qardaş, məkanında çəkiliş olcaq və təmizliyə riayət edin. Biz çəkilişə gələnə qədər xidmətinizdəki yanlışları düzəldin. Bizim məqsədimiz istehlakçıya xidmət etməkdir.
- Hansısa kadrın efirdə yayımlanmaması üçün təhdidlər olur?
- Bəli, amma həmin kadrları efirdə yayımlayırdıq. Biz insanlara xidmət edirik. Məkan gözəl olan zaman gözəl təqdim edəcəyik. Bundan gözəl yararlanmaq lazımdır. Pulsuz reklamdır.
- Sizcə, bir aparıcı kimi mənfi və müsbət tərəfləriniz nələrdir?
- Hər kəs məni təkkəbürlü, özündən razı insan kimi tanıyır. Mən aktyorluq edə bilmirəm. Bəzi aparıcılar insanların hissləri ilə oynayırlar. İnsanlar da onları sevirlər. Mən isə həyatda necəyəmsə, efirdə də eləyəm. Bu isə məni bir az təkkəbürlü göstərir.
- Azərbaycan teleməkanında nümunə götürdüyünüz aparıcı varmı?
-Xeyr. Heç kimə baxıb nə isə etmirəm. 2008-ci ildən sosial xarakterli layihələrdə aparıcılıq edirəm. Özümə söz vermişəm ki, heç bir müğənni ilə veriliş çəkməyəcəm. Xalqla işləmək lazımdır.
- Bahalı avtomobil idarə edirsiniz. Əlavə gəlir mənbəyiniz nədir?
- Bu maşını verilişdən əvvəl dəyişmişəm. Bu vaxt qədər beş maşınım olub. Yəni maşınımın layihələrə dəxli yoxdur. Şəxsi ailə biznesimiz var.
- Sentyabrın 24-də ikinci dəfə nikah masısına oturdunuz. Keçmiş həyat yoldaşınız Vüsalə Əlizadə də tanınmış insandır. Bilmək istərdim ki, evliliyiniz sizi sevənlər tərəfindən necə qarşılandı?
- Siz özünüz də keçmiş sözünü qeyd etdiniz. Keçmiş keçmişdə qalıb, məni maraqlandırmır. Hazırda yeni həyatım var. Qaldı ki, pərəstişkarlarıma – evlənməyimi normal qəbul etdilər.
- Xoşbəxtsinizmi?
- Bəli xoşbəxtəm.
- Sirr deyilsə, həyat yoldaşınız hansı sahədə çalışır?
- Ziyalı ailənin övladıdır. Hazırda məzuniyyətdədir, işləyəcək. Həkimdir.
- Xanım öz seçimizdir, yoxsa ailənizin?
- Bir məclisdə ailəm xanımı göstərib. Beləliklə tanış olduq və münasibət qurduq. Bir-birimizi sevirik.
- Bu dəfə hansı səhvinizi etməzsiniz?
- Heç zaman mənim səhvim olmayıb. Kim deyir ki, mənim səhvim var? Heç zaman seçimimdə səhv addım atmamışam.
- Səhvsiz insan olmur...
- Dediyim kimi səhvim yoxdur.
- Vüsalə xanımla ayrıldıqdan sonra heçmi barışmağa cəhd etmədiniz?
- Xeyr, gedən gedir. Bir hadisəni danışım,bir müddət əvvəl sosial şəbəkədə hikmətli söz paylaşmışdım “İnsan gərək xoşbəxtliyini ehtirasa qurban verməsin”. Bütün saytlar isə hikmətli sözdən yanlış məna çıxarmışdılar. Yazmışdılar ki, guya mən xəyanət edərək xoşbəxtliyimi ehtirasa qurban vermişəm. Amma o cümlənin mənası fərqli idi. İndiyə qədər bir çox insanlar elə bilirlər ki, xəyanət etmişəm. Amma bu, doğru deyil.
- Sizin üçün kişi-qadın münasibətlərində qanedici və etməyən tərəflər nələrdir?
- Kişi-qadın münasibətləri beş il əvvəl başqa cür idi. Hazırda xanımlar sərbəstlik istəyirlər. Hər kəs pul qazanmaq, maşın almaq istəyir. Bu, pis hal deyil. Bacımın da avtomobili var. Amma onu hansı yolla əldə etmək önəmlidir. Əziyyətlinlə, yoxsa başqa yolla…
- Adətən cəmiyyətdə belə bir fikir formalaşıb: bir xanım karyerasında irəli gedəndə bunun kiminsə sayəsində olduğunu deyirlər. Bu, nə dərəcədə doğrudur?
- Təbii ki, bu, birtərəfli yanaşma deyil. Əziyyəti ilə yüksələn xanımlarımız var. Amma kiminsə sayəsində rəhbər olan xanımlar da az deyil. Bununla yanaşı, xanım karyerasında inkişaf edən zaman dəyərini itirməməlidir.
- Dəyərlərini itirmək deyəndə nəyi nəzərdə tutursunuz?
- Məsələn, ailəli xanım, inkişaf etdikcə ailə yaddan çıxır. İşin iş, ailənin ailə yeri var.
- Necə həyat yoldaşısınız və xanımınızdan gözləntiləriniz nələrdir?
- Necə həyat yoldaşı olduğumu deyə bilmərəm. Ailəmdən gözləntim isə ölənə kimi sadiq olmaqdır. Başqa heç nə.
- Həyat yoldaşınız sizi qısqanır?
- Xeyr, qısqanmır. Mənim telefonlarım masada olur və kodunu da bilir. Bilir ki, ondan başqa heç kimə baxmaram.
- İlk nikahınızdan dörd yaşlı qızınız var. Evləndikdən sonra münasibətiniz necədir?
- Qızımla münasibətim çox gözəldir. Dünən evimdə idi. Onu çox sevirəm. Həyat yoldaşımla da münasibəti yaxşıdır. Deyir ki, birlikdə şəhərdə gəzək. O, mənim qızımdır.
- Toyunuza dəvət etdiyiniz, amma gəlməyən müğənni oldumu?
- Müğənnilərin bir çoxu ilə ünsiyyətdə deyiləm. Amma müğənnilər arasında yaxşı dostlarım - Elariz Məmmədoğlu, Vasif Məhərrəmli və başqaları var. Toyuma gəlməyən müğənni oldu, amma çox müğənni də dəvət etməmişdim. Toyumun şou kimi keçməsini istəmirdim.
- Ailənizi, həyat yoldaşınızı mətbuatdan uzaq tutacaqsınız?
- Bəli, hər zaman.
- Aparıcılarımızın intellektual səviyyəsi sizi qane edirmi?
- Mənim intellektual səviyyəm sizi qane edir?
- Məncə edir…
- O zaman mən də deyirəm ki, digər aparıcıların da intellektual səviyyəsi qane edir.
- Amma bəzi aparıcıların intellektual səviyyəsi xoşuma gəlmir…
- Bəli doğrudur. Bu gün bəzi aparıcılar gündəm üçün ölür. Elə aparıcı tanıyıram ki, intellektual səviyyəsi aşağıdır, amma efirdədir.
- Kitab oxuyursunuz?
- Kitab oxumuram, amma internetdən istədiyim və lazımlı məlumatları oxuyuram. İnternet bütün resursları əvəz edir. Kitab bazarı ölüb (gülür).
- “Media groupe”un rəhbərisiniz. Film və serial çəkməyi düşünürsünüzmü?
- Türkiyə telekanalının birinə layihə satmışam. İnşallah, oktyabrın 10-da müqavilə üçün İstanbula gedəcəm. Eləcə də Türkiyə ilə ortaq film çəkəcəyik. Hazırda iki film üzərində işləyirik. İnşallah, serial da çəkməyi düşünürük.
Rəqsanə Həsənova
Foto: Elçin Murad