90-cı illərin populyar filmlərində baş rollar oynayan tanınmış Hollivud aktrisası Vaynona Rayder susqunluğunu pozub. Uzun illər ekranlardan, çəkiliş meydançalarından uzaqda qalan aktrisa son iki il gərgin çalışıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, aktrisa mətbuata verdiyi müsahibədə həyatı və şöhrətiylə bağlı bəzi məsələlərə aydınlıq gətirib. O, hazırda “Netflix” serialında oynadığı roluyla bağlı da maraqlı açıqlamalar verib: “Rol üçün hər gün ağlayan duyğusal travması olan bir qadını canlandırıram. Yaşa dolduqca bir aktrisa olaraq yeni, fərqli obrazlar yaratmaq istəyirəm, ona görə bu rol mənim üçün yetərincə fərqlidir. Qüsurları olan, amma bir o qədər gerçək və insani keyfiyyətləri də gözəl olan bir rolu oynamaq çox maraqlıdır”.
“Yeniliklərə açıq deyiləm”
“Təəssüf ki, yeniliklərə çox açıq deyiləm. Selfi çəkməyi öyrənmək üçün çox vaxt sərf etdim. Hələ də köhnə kasetləri, VHS videoları saxlayıram. Serialdakı rolum gərəyi hər seriyasında ağlamalıyam, amma mən gözyaşı üçün istifadə edilən maddələrə nifrət edirəm. Əgər ağlamalıyamsa, həqiqətən ağlayacam”.
“Uzaqlaşdım və özümü tapdım”
“Fəaliyyətimə ara verməli idim. Bu vacib idi. Özümü toparlamaq istəyirdim. Çünki bu sənətə gəldiyim gündən çox filmlərə çəkildim, çox işlədim. Uzaqlaşmalıydım. San-Fransiskoya getdim, iki-üç il orda qaldım. Özümü yenidən tapdım”.
“İlk filmimdə çəkiləndə 15 yaşım vardı. 17 yaşımda isə Tim Bartonla işlədim. Çox gənckən böyük layihələrin məsuliyyətini boynuma götürdüm. Hamı nə qədər şanslı, xoşbəxt olduğumu düşünəndə mən depressiyada idim”.
“Bunlarla baş edə bilməzdim”
“Oynadığım filmləri, rolları yada saldıqca heyrətlənirəm. Qəribədir, mən o zaman özümü kino ikonası kimi görmürdüm. Əslində utancaq, daha gizli yaşamağı sevən bir adamam. İşləməyi, çəkiliş meydançalarını çox sevdim, şöhrətin üzərimdəki təzyiqi daha çox idi. Əvvəllər qəzetlər və jurnallar vardı, indi artıq internet, sosial media da işin içindədir. Mən bunlarla baş edə bilməzdim”.
Pərvin