Bu gün Azərbaycanın xalq artisti, sevilən bəstəkar Emin Sabitoğlunun doğum günüdür.
Qızı Ceyran Mahmudova Teleqraf.com-a açıqlamasında bu günü hər il xoş duyğularla yad etdiyini deyib: “Səhər saatlarında ailəmlə birgə atamın qəbrini ziyarət etmişəm. Yubileyi gələn il olacaq, yəqin ki o vaxt dövlət səviyyəsində qeyd edilər”.
Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində, yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya –Qara Qarayevin sinifinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib.
1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.
O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. Ən yaxşı müğənnilərlə işləyən bəstəkarın “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq, yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Onun mahnılarını ən çox oxuyan isə Mirzə Babayev olub.
Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. O, paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.
İki dəfə ailə quran bəstəkarın yeganə övladı Ceyran Mahmudova onun ilk evliliyindəndir. Bəstəkarın ikinci həyat yoldaşı bir zamanların məşhur müğənnisi Xədicə Abbasovadır.
Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib.
Nərmin