“Mən sənə belə şərhləri öyrədib yazdıran aktrisacıqlarla çəkiləndə it əzabı çəkirəm. Həm oyun baxımından, həm də bir qapazlıq boyları olduğuna görə əyilməkdən belim əyilir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı Bələdiyyə Teatrının məşhur aktrisası Zülfiyyə Qurbanova instaqram istifadəçisinə xitabən yazıb.
Gənc aktrisa Cəmilə Tağızadənın adına açılan fan səhifələrdən birinin istifadəçisi Zülfiyyə Qurbanovanın çəkildiyi serialın instaqram səhifəsinə şərh yazaraq aktrisanın süni oynadığını iddia edib: “Film əla idi. Amma Zülfiyyə Qurbanova çox sünidir. Rejissor ona diqqət etsə yaxşı olacaq. Bir də ev sahibinin dikdaban ayaqqabılarla gəzməsi və o ayaqqabının səsi xoş olmur”.
Zülfiyyə Qurbanova isə sözügedən şərhi instaqram hesabında paylaşaraq, ona kəskin cavab verib: “Mən heç bir zaman belə şeylər paylaşan deyiləm. Çünki seriala film deyən əqli inkişafdan geri qalmış bu cür insanların fikirləri mənə maraqlı deyil. Amma dərslərini alsınlar deyə bunu bilərəkdən paylaşıram. Biri bu səviyyəsizə çatdırsın ki, bu qədər öyrədilmiş şərh yazmaq lazım deyil. Camaat məndən danışıq, diksiya, ağzın necə düzgün açılıb-yumulmağından tutmuş oyun tərzinə qədər öyrənir. Bu sözləri gedib səni öyrədən çənəsi düzgün açılıb- yumulmayan, səsi cırcırama kimi gələn, səsini azca yuxarı tona qaldıranda ciyildəyən, xoruz buraxan, boyu 1.50-ni keçməyən distriofik bədən quruluşuna məxsus aktrisacıqlar haqqında yazarsan. Şükür Allaha, mənə 100 adamın içində seçilən xüsusi mükəmməl səs tonu lütf edib, düzgün diksiya, boy-buxun faktura verib.
Qabiliyyətdən, ümumiyyətlə, danışmıram. Heç o müzakirə olunmayacaq mövzudur. Fikirlər yekəxana səslənə bilər, amma fakt faktlığında qalır. Sənə belə şərhləri öyrədib yazdıran aktrisacıqlarla çəkiləndə mən çəkiliş məkanında it əzabı çəkirəm. Həm oyun baxımından, həm də bir qapazlıq boyları olduğuna görə əyilməkdən belim əyrilir”.
Pərvin