Reper Anar Nağılbazın feysbukda yazdığı “Yox olmaq istəyirəm. Rahat qaydasını kim bilir?" statusu birmənalı qarşılanmayıb.
Teleqraf.com Anar Nağılbazla əlaqə saxlayıb.
-Anar müəllim son statusunuz insanlarda intihar siqnalı kimi qarşılanıb…
-Yox olmağın mənası müxtəlifdir. Bu o demək deyil ki, intihar fikrim var. Gün ərzində yaşadığın çətinlikdən də söhbət gedə bilər. Statusları yazırıq ki, insanlar düşünsünlər. Ona görə yazdığım statusun mənasını açıqlamayacam. İnsanlar özləri düşünsünlər…
-Bir müddət əvvəl işsizklikdən şikayətlənmişdiniz. Hazırda vəziyyətiniz necədir?
-Dostlardan layihə təklifi almışam. Amma daimi işlə bağlı irəliləyiş yoxdur. Televiziyalarımızın birində çalışmaq istərdim. Təəssüf ki, baş tutmur.
-Özünüz televiziyalara müraciət etmisinizmi?
-Bəli, dəfələrlə müraciət etmişəm. Kanal rəhbərləriylə isti münasibətim olsa da, deyiblər ki, vakansiya yoxdur, boş yer olan kimi xəbər edəcəyik.
-Bu cavabı hansı telekanal rəhbərliyindən almısız?
-Müxtəlif telekanallardan deyiblər. Bütün kanalların rəhbərləriylə isti münasibətim var.
-Anar müəllim, bir vaxtlar çox məşhur idiniz. Necə düşünürsünüz, o vaxt telekanallara iş üçün müraciət etsəydiniz yenə də “yox” cavabı alardınız? O zamanla müqayisədə sizə münasibət dəyişib?
-Hər dövrün öz hökmü, hər insanın öz dövrü var. Şübhəsiz ki, o dövrdə problem olmazdı. Daha gənc və enerjili idim. Hesab etmirəm ki, bu gün enerjim tükənib. İndi daha keyfiyyətli iş görə bilərəm. Sadəcə, saytlar insanlarda müəyyən fikir formalaşdırarkən səhv rəy yaradırlar. Eləcə də bəzi axmaq insanlar haqqımda düzgün olmayan sözlər danışırlar. Tərbiyyəsizcəsinə dedi-qodular yayırlar.
-Ailənizi nə ilə dolandırırsınız?
-Kiçik layihələrlə klublarda çıxış edirəm.
-Sizi toylara dəvət etmirlər?
-Çox az sayda dəvət alıram. Məncə toy edənlər də azdır.
-Həmkarlarınızdan sizə dəstək varmı?
-Mənəvi dəstək olanlar var.
Rəqsanə