Xalq artisti Yasin Qarayev həmkarlarını topa tutub.
Teleqraf.com xəbər verir ki, aktyor bununla bağlı sosial şəbəkədə açıqlama yayıb: “Dünən aktyor kimi maraqlı bir müşahidənin şahidi oldum. Saat 3-də “Açarını itirənlər” yubiley tamaşasının daxili baxışı idi. Salondan əsasən texniki işçilər oturmuşdular. Mühasibat, dərzilər, qrim, paltar və s. Tamaşaya teatrın rəhbəri Mübariz Həmidov da baxırdı. Onu da deyim ki, Mübariz müəllimlə düz 38 ildir məhrəm münasibətim var. O, institutu bitirən kimi - yəni 1979-cu ildə bizim teatra gəldi və yoldaşlığımız sonra isə dostluğumuz başladı.
2000-ci ildə düz 11 ildən sonra onu Mədəniyyət və Turizm Nazirliyində məsul çinovnik vəzifəsinə dəvət etdilər. İnsafən, mənimlə məsləhətləşdi. Mütləq getməsini söylədim. Getdi və bütün etimadları da doğrultdu. Az zaman kəsiyində hörmət-izzət sahibi oldu. 2006-cı ilə qədər orada işlədi və heç vaxt əlaqə və münasibətlərimiz kəsilmədi. 2006-cı ildə Mübariz Həmidov yenidən bizim teatra qayıtdı, amma bu dəfə rəhbər kimi…
Bu gün ilk tanışlığımızdan 38 il ötüb. Onu da deyim ki, ikimiz də dövlətçiliyi və müstəqilliyi sevən insanlarıq. Bu gün mən onun rəhbərlik etdiyi teatr qanunlarına çox hörmət və izzətlə yanaşıb, riayət edirəm. O da mənim teatrda rəhbərlik elədiyim ictimai işə həmişə kömək edib, hörmətlə yanaşır. Allah şeytana lənət eləsin.
Fevralın 3-ü kiçik toplantıda 8 fevral yubiley tamaşasından əvvəl bəyan etdiyi elanı mən qəti bəyənmədim. Və sadəcə olaraq, öz fikirlərimi sosial şəbəkədə işıqlandırdım. Sonradan belə məlum oldu ki, yanvar ayının maaşının vaxtı çatdığına görə həmin elanın sonraya qalması mümkün deyilmiş. Mən isə apardığım ictimai işin nizamnamə və məramnaməsinə əsasən öz narahatlığımı bildirməyə bilməzdim.
İndi keçək əsas məsələyə…Yaranmış vəziyyətdən tələm-tələsik istifadə edənlər, ətlə dırnaq arasına girənlər tapıldı. Hələ də orada qalıblar, iylənən kimi özləri çıxacaqlar. Bir də son zamanlar teatrda əmələ gələn ağ, sarı, qara, boz və rəngbərəng kəpənəklər 50 illik iş stajı olan 70 yaşlı ağsaqqalın burnuna qonub “məsləhətlər” verməyə başladılar.
İndi gələk dünənki tamaşaya. Tamaşa kifayət qədər maraqlı və gülməli idi. Lakin seyirçilərimizin matı-qutu qurumuşdu. Deməli, bu tamaşaçılar müdirlə aramızda olan münaqişənin düşmənçilik olduğunu hesab edib, qorxudan Mübariz Həmidova baxırdılar ki, biz gülsək, birdən kişinin xoşuna gəlməz. Odur ki, Mübariz müəllim güləndə hamısı gülür, diqqətlə baxıb qeydlər aparanda lal olurdular. İnanın ki, baxdım, baxdım və hamısına yazığım gəldi. İstər-istəməz yadıma sovetlər dövründə çox ifa olunan “Ağlaram ağlasan, gülərəm gülsən” mahnısı düşdü”.
Pərvin